Bakı, 21 aprel, AZƏRTAC 
“Amrah Sığorta” şirkəti bazara “Komfort”, “Ekonom Kasko” və “Fortuna” adlı yeni məhsullar təqdim edir.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, fərdi müştərilər üçün hazırlanan yeni paket sığorta məhsullarının satışı bu ilin may ayından həyata keçiriləcək. Bu məhsullar sığortanın əmlak, avtonəqliyyat və fərdi qəza növlərini əhatə etməklə, insanların gündəlik həyatında baş verən əsas risklərə qarşı sığorta təminatı verir. Yeni qutu tipli məhsullar indiyədək olan klassik sığorta məhsullarından sadəliyi və rahatlığı ilə seçilir. Sığorta paketləri yüksək sığorta məbləğləri üzrə sabit təminatlar verərək 10 dəqiqə ərzində yerində minimum sənəd təqdim etməklə hazırlanacaq. Sığorta hadisələri baş verdiyi halda isə sığorta ödənişləri kompensasiya şəklində əlavə sənədlərin yığılmasına ehtiyac qalmadan ediləcək.
Qeyd edək ki, Azərbaycan sığorta bazarında 2003-cü ildə fəaliyyətə başlamış “Amrah Sığorta” ASC yarandığı gündən stabil və dinamik inkişaf yolunda uğurla irəliləyən sığorta şirkətidir. “Amrah Sığorta” şirkəti daim yeni sığorta məhsullarının hazırlanması, onların inkişafını və təşviqini, eyni zamanda öz müştərilərinə göstərilən xidmətlərin həcminin və keyfiyyətinin artırılmasını özünün prioritet məqsədi hesab edir.