Bakı, 21 aprel, AZƏRTAC
Nyu-Yorkda Kolumbiya Universiteti tərəfindən jurnalistika, ədəbiyyat və musiqi sahələrdə təqdim olunan 99-cu “Pulitzer” mükafatları qaliblərinin adları açıqlanıb. Anadolu informasiya agentliyinin təşkil etdiyi beynəlxalq foto-xəbər müsabiqəsi - “Istanbul Photo Awards”da Liberyada Ebola epidemiyası zamanı çəkdiyi şəkillə “İlin fotoqrafı” mükafatına layiq görülən Daniel Berehulak fotoqrafiya sahəsində “Pulitzer” mükafatını da qazanıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ-ın Cənubi Karolina əyalətinin Çarleston şəhərinin “The Post and Courier” gündəlik qəzeti isə ictimai xidmət sahəsində əyalətdə qadınlara qarşı zorakılıq mövzusunda yayımladığı xəbərə görə qızıl medalla mükafatlandırılıb.
“New York Times” 3 nominasiyada, 2 min 500-ə yaxın jurnalistin fəaliyyət göstərdiyi “Bloomberg News” isə 25 illik tarixində ilk dəfə olaraq “Pulitzer” mükafatına layiq görülüb. “St. Louis Post” foto xidməti “Xəbər fotoqrafiyası” nominasiyasında, “The Seattle Times” qəzeti isə “Son dəqiqə xəbəri” nominasiyasında mükafat qazanıb.
18 nəfərlik qrup tərəfindən 21 nominasiyada təqdim olunan “Pulitzer” mükafatlarına layiq görülənlərə sertifikatla yanaşı 10 min dollar verilib.
Mükafat ilk dəfə 1917-ci ildə macar əsilli Jozef Pulitzer adlı jurnalist tərəfindən verilməyə başlanılıb.
