Bu, üç həftə ərzində bölgədə baş verən ən güclü partlayışdır
Yəməndə həyata keçirilən hava zərbələri çox sayda itki ilə nəticələnib.

Anspress-in məlumatına görə, Yəmənin paytaxtı Sənadakı raket bazalarından birinə havadan endirilən zərbə nəticəsində ən azı 25 nəfər ölüb, 300 nəfər isə yaralanıb. Bu baradə “Reuters” xəbər yayıb.

Xəbərdə bildirilir ki, hadisə şahidləri partlayış baş verən an zəlzələ olduğunu düşünüblər, lakin səmaya baxdıqları zaman göy üzünə qatı dumanın yüksəldiyini görüblər.

Partlayış hadisəsi prezident sarayı yaxınlığındakı Fac Əttan bölgəsində meydana gəlib.

Bundan başqa, onlar bu partlayışın üç həftə ərzində baş verənlərdən güclüsü olduğunu vurğulayıblar. Uşaqların çox qorxduğunu, bəzilərinin isə özünü itirərək bayıldığını dilə gətiriblər.

Xatırladaq ki, martın 26-dan Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəməndə şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat keçirir.

Milli.Az