Gəncə, 20 aprel, AZƏRTAC
Qardaş Türkiyə Respublikasının Ərzurum şəhər bələdiyyəsi sədrinin müavini Zəfər Bülend Enginin başçılıq etdiyi nümayəndə heyəti aprelin 19-dan Gəncədə səfərdədir.
AZƏRTAC xəbər verir ki, şəhərlə tanışlığa “Qoşa qala qapıları” Arxeologiya və Etnoqrafiya Muzey-Abidə Kompleksindən başlayan qonaqlar burada qədim Gəncənin 4000 illik tarixini əks etdirən eksponatlara, həmçinin dahi söz ustası Nizami Gəncəvinin sələflərinin və xələflərinin mozaika daşlarından yığılmış şəkil qalereyasına baxıblar.
Dördmərtəbəli qala kompleksi ilə tanış olan nümayəndə heyətinin üzvləri qədim xalçaçılıq, dəmirçilik, dulusçuluq, miskərlik sənətinin nümunələrinə də tamaşa ediblər.
Sonda türkiyəli qonaqlar qədim qala arxeologiya və etnoqrafiya muzeyi qarşısında xatirə şəkli çəkdiriblər.
