[ 20 Aprel 2015 16:06 ]


Bakı. Könül Kamilqızı - APA. Bu gün Respublika fənn olimpiadalarının final mərhələsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, ali məktəb rektorları, millət vəkilləri, nazirliyin struktur bölmə rəhbərləri, təhsil ekspertləri, məktəb direktorları, qabaqcıl müəllimlər, valideynlər, şagirdlər və media nümayəndələri iştirak ediblər.

 

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, olimpiada bilik yarışı olsa da, özündə bir  çox  məsələləri birləşdirir. Onun sözlərinə görə, bu il ölkədə fənn olimpiadalarının keçirilməsinə inqilabi dəyişiklər edilib: “Bu gün qalib olan şagirdlərin mükafatlandıranda onu da nəzərə almalıyıq. İnanırıq ki, onların arasında sabahın dünya və beynəlxalq olimpiadasının qaliblərini görəcəyik”.

 

Nazir qeyd edib ki, bu ilki olimpiadanı beynəlxalq analoji olimpiadanın qaydalarına uyğun keçirməklə müəyyən təcrübəyə yol açmaq məqsədi daşıyırdı. Onun fikrincə, Azərbaycanın təhsil sahəsində uğurları ilə fəxr etməyə bir çox səbəbləri var: “2013-14-cü tədris ilində beynəlxalq və dünya olimpiadalarında 18 qızıl medal qazanılıb. İnanırıq ki, bu ilki uşaqların nəticələri daha da yüksək olacaq. Olimpiadaya olan münasibətin ən yaxşı göstərici ora qatılan şagirdlərin sayıdır. Bu il olimpiadaya 22 min şagird qatılıb. Bu da ötən illə müqayisədə 4 dəfə çoxdur. Bu ilki qaliblər ölkənin 23 bölgəsindən gəlib və bu da müxtəlif bölgələrdə istedadlı gənclərin yetişməsi üçün lazımlı şəraitin olmasından irəli gəlir. Qızıl medal qazanan şagirdlər respublikanın 14 bölgəsini təmsil edib və  bu da yüksək göstəricidir”.

 

Təhsil naziri əlavə edib, bu il Azərbaycan üçün böyük yarışlar və olimpiadalar ilidir: “Ən böyük yarış Avropa oyunlarıdır və iyunda bu yarışın ölkəmizdə keçirilməsi ilə dövlətimiz adını artıq idman tarixinə yazıb. Növbəti ayda isə ölkəmizdə beynəlxalq dünya kimya olimpiadası keçiriləcək. Bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi işlər görülür. Moskva Dövlət Universitetinin Bakı filialının rəhbəri Nərgiz Paşayevin rəhbərliyi ilə artıq tamamlama işləri görülür. İnanırıq ki, bu il də istənilən uğuru qazana biləcəyik”.

 

Tədbirdə məlumat verilib ki, fənn olimpiadalarının final mərhələsində Azərbaycanın 58 müxtəlif şəhər və rayon məktəblərindən 450 şagird iştirak edib. Bu il fənn olimpiadalarının keçirilməsi bir sıra yeniliklərlə müşayiət olunub. İlk dəfə olaraq üç mərhələdə keçirilmiş fənn olimpiadalarının I – rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22000 şagird iştirak edib. 3700 şagirdin iştirakı ilə bu ildən ilk dəfə olaraq, keçirilmiş yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə təşkil olunub. Final mərhələsində iştirak edən şagirdlərdən 240 nəfər mükafatçılar sırasına daxil olub. Qaliblər arasından beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizədlər seçiləcək.  Respublika fənn olimpiadalarında bu il ilk dəfə olaraq, iştirakçılar arasından hər fənn üzrə “Birincilərin birincisi” nominasiyası üzrə qalib müəyyənləşdirilib və olimpiada fənləri sırasına coğrafiya da əlavə olunub. Eləcə də, əvvəlki illərdən fərqli olaraq, yoxlamada şəffaflığı və ədalətli qiymətləndirməni təmin etmək üçün olimpiada sualları ilkin mərhələdə açıq şəkildə deyil, test sınağı formasında tətbiq olunub. Həmçinin, olimpiada iştirakçılarını bilik yarışına tam motivasiya etmək üçün onların tədbirin keçirildiyi 3 gün ərzində “Kempinski Badamdar” otelində qalması təmin olunub və imtahandan kənar asudə vaxtın səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Fənn olimpiadalarının keçirildiyi gün nəticələr elan olunub və Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az) və “Facebook” səhifəsində (https://www.facebook.com/tehsil.gov.az) yerləşdirilib.

 

Tədbirin sonunda Respublika fənn olimpiadalarının final mərhələsində I, II və III yeri tutan şagirdlərə diplom və medallar təqdim olunub, Təhsil Nazirliyi tərəfindən qaliblərə qiymətli hədiyyələr təqdim edilib.

 

Qeyd edək ki, Tədbirin informasiya dəstəkçisi APAHolding-dir.