[ 20 Aprel 2015 15:48 ]
Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmə Qaydaları”nda dəyişikliklər edilməsi haqqında qərar verib.
APA-nın məlumatına görə, elektron xidmətlərin qiymətləndirilməsi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən qanunçuluq, obyektivlik, şəffaflıq və peşəkarlıq prinsipləri əsasında aparılır.
Hər bir dövlət orqanı xidmət istifadəçilərinə yüksək keyfiyyətli xidməti həyata keçirmək məqsədi ilə göstərdiyi elektron xidmətlərin bu Qaydalarla müəyyən olunmuş meyarlara və parametrlərə uyğunluğunu yoxlamalı və çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirləri görməlidir. Dövlət orqanlarında elektron xidmətlərin təşkili və göstərilməsi üzrə qiymətləndirmənin keçirilməsi üçün Dövlət Agentliyinin sədri tərəfindən İşçi Qrupu yaradılır və onun tərkibi müəyyən edilir. İndiyə qədər İşçi Qrupu qiymətləndirmənin nəticəsi barədə rəy, tövsiyə, arayış və hesabatlar hazırlayıb Dövlət Agentliyinin sədrinə təqdim edib. Dəyişikliyə əsasən bundan sonra İşçi Qrupunun rəy və tövsiyə hazırlamaq səlahiyyəti olmayacaq, ancaq arayış və hesabatlar hazırlayacaq. Qiymətləndirmənin nəticəsində hazırlanan arayışda dövlət orqanları tərəfindən göstərilən xidmətlərin elektron formada təşkilinin vəziyyəti, problemlər, nöqsanlar, qiymətləndirmənin faizlə müəyyən edilən nəticəsi və qiymət daxil edilməklə, həmin xidmətin təkmilləşdirilməsi istiqamətində təkliflərə yer veriləcək. Buna müvafiq olaraq qiymətləndirmənin məqsədi elektron xidmətlərin göstərilməsi üzrə dövlət orqanlarına metodik və əməli köməklik göstərilməsi olacaq. Dövlət orqanlarının Dövlət Agentliyi qarşısında məsuliyyəti də konkretləşib. “Dövlət orqanları Dövlət Agentliyinin sorğusu əsasında, sorğu daxil olduğu tarixdən 10 iş günü müddətində qiymətləndirmənin keçirilməsi üçün zəruri olan məlumatları kağız daşıyıcıda təqdim etməli, həm də Dövlət Agentliyinin rəsmi internet informasiya ehtiyatında olan müvafiq bölməyə daxil etməlidirlər:
Qaydaya əsasən dövlət orqanlarında hər bir xidmət üzrə hesablanmış yekun balın maksimum balda faizlə nisbəti tapılır. İndiyə qədər müəyyən edilən faizlər üzrə elektron xidmətlər 50 faizdən aşağı olduqda qeyri-kafi, 50 faizdən 70 faizədək kafi, 70 faizdən 90 faizədək yaxşı, 90 faizdən 100 faizədək əla qiymətləndirilib. Dəyişikliyə əsasən bundan sonra müəyyən edilən faizlər üzrə elektron xidmətlər 50 faiz və daha aşağı “qeyri-kafi” , 51 faizdən 70 faizədək “kafi”, 71 faizdən 90 faizədək “yaxşı”, 91 faizdən 100 faizədək “əla” qiymətləndiriləcək. Qiymətləndirmənin nəticəsi olaraq hazırlanmış arayış aşkar olunmuş çatışmazlıqların təyin olunmuş müddət ərzində aradan qaldırılması üçün dövlət orqanına göndərilir. Qiymətləndirmənin nəticələri, o cümlədən dövlət orqanları tərəfindən göstərilən elektron xidmətlərin mövcud vəziyyəti, problemlər, nöqsanlar və həmin xidmətlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər barədə Azərbaycan Respublikasının Prezidentinə hesabat verilir. Dövlət orqanları təqdim olunmuş arayışda göstərilmiş çatışmazlıq və tövsiyələri diqqətlə araşdırmalı və arayış daxil olduğu gündən iki ay müddətində çatışmazlıqların aradan qaldırılması ilə bağlı tədbirlər barədə məlumatı Dövlət Agentliyinə təqdim etməlidir. Qiymətləndirmənin nəticələri haqqında məlumatlar Dövlət Agentliyinin rəsmi internet informasiya ehtiyatında açıqlanır