Bakı, 20 aprel, AZƏRTAC
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Türkiyə vətəndaşı olan təcrübəli yüksək vəzifəli rəsmisini - Mustafa İmiri Azərbaycanda öz nümayəndəsi təyin edib.
FAO-dan AZƏRTAC-a bildiriblər ki, Mustafa İmir son dörd ildə təşkilatın İndoneziyadakı nümayəndəsi kimi xidmət göstərib. 2011-ci ildə FAO-da işə başlamazdan əvvəl, o, Türkiyənin Kənd Təsərrüfatı və Kənd İşləri Nazirliyində beynəlxalq əlaqələr və xüsusilə də Avropa İttifaqı ilə əməkdaşlıq sahəsində çalışıb. Mustafa İmir yaxın günlərdə yeni vəzifəsini yerinə yetirməyə başlayacaq.
Baytarlıq təbabəti elmlər doktoru dərəcəsini alan Mustafa İmir kənd təsərrüfatı və baytarlıq sahələrində geniş biliyə malikdir.
Mustafa İmir yeni təyinatı münasibətilə deyib: “Azərbaycanda təcrübəmi və bacarıqlarımı tətbiq etməyə hazıram. Azərbaycan ərzaq, kənd təsərrüfatı və təbii ehtiyatlar sahəsində böyük nailiyyətlərə və potensiala malik olan bir ölkədir”.
Azərbaycan 1995-ci ildən FAO-nun üzvüdür. Prezident İlham Əliyevin 2015-ci il 3 aprel tarixli Sərəncamı ilə təsdiqlənən 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planında FAO-nun Azərbaycan Respublikasında Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin təsis edilməsi də əks olunub.