Bakı, 20 aprel, AZƏRTAC
Paytaxtın hüquq mühafizə orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir qətlin “isti izlər”lə açılması təmin edilib.
Belə ki, aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan yanmış naməlum kişi meyitinin aşkarlanması faktına görə Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə aparılan intensiv araşdırmalarla meyitin İmişli Rayon Polis Şöbəsinin (RPŞ) polis nəfəri Kazımzadə Muxtar Qadir oğlu olması müəyyənləşdirilib.
Araşdırmalarla, həmçinin müəyyən edilib ki, M.Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli Rayon Polis Şöbəsində sürücü işləyən İbayev Ravil Nuruş oğlu tərəfindən tamah niyyəti ilə qətlə yetirilib. R.İbayev cinayətin izini itirmək məqsədilə M.Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb.
Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərindən AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, R.İbayev aprelin 18-də şübhəli şəxs qismində tutulub və dindirilərkən törətdiyi cinayəti tam etiraf edib.
Cinayətin törədilməsində digər şəxslərin iştiraklarının olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.