Milli.Az Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun Mətbuat xidmətlərinin yaydığı birgə məlumata istinadən xəbər verir ki, paytaxtın hüquq mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir qətlin “isti izlər”lə açılması təmin edilib.Bakının Xəzər rayonunda meyidi tapılan polisin tamah məqsədilə öldürüldüyü müəyyənləşib
Belə ki, aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan yanmış naməlum kişi meyidinin aşkar edilməsi faktına görə Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə aparılan intensiv araşdırmalarla meyidin İmişli Rayon Polis Şöbəsinin (RPŞ) polis nəfəri Kazımzadə Muxtar Qadir oğlu olması müəyyən olunub.
Araşdırmalarla o da müəyyən edilib ki, M.Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli RPŞ-də sürücü işləyən İbayev Ravil Nuruş oğlu tərəfindən tamah niyyəti ilə qətlə yetirilib və sonuncu, cinayətin izini itirmək məqsədi ilə M.Kazımzadənin meyidini Xəzər rayonu ərazisinə apararaq yandırıb.
R.İbayev aprelin 18-də şübhəli şəxs qismində tutulub və dindirilərkən törətdiyi cinayəti tam etiraf edib.
Cinayətin törədilməsində digər şəxslərin iştriraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Milli.Az