Trend-in məlumatına görə, ABŞ-ın Los-Anceles şəhərində Loyola Marymount Universitetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilən elmi konfransda Çapman Universitetinin əməkdaşı Dr. Ceyms Koylun çıxışı diqqəti cəlb edib. O, ATƏT-in Minsk Qrupunun fəaliyyətini kəskin şəkildə tənqid edərək, bu qurum tərəfindən indiyə qədər görülən işlərin, irəli sürülən təkliflərin heç bir nəticə vermədiyini, fəaliyyətinin real sülhün təmin edilməsi baxımından yarıtmaz olduğunu qeyd edib. C.Koyl ATƏT-in Minsk qrupunun həmsədrlərindən ibarət hazırkı formatın uzun illər keçməsinə baxmayaraq özünü doğrultmadığını vurğulayaraq, bu Qrupa Türkiyə və Almaniyanın da həmsədr kimi daxil edilməsinin vacibliyini bildirib.
Qeyd edək ki, konfrans ABŞ-ın bir sıra mötəbər beyin mərkəzləri və universitetləri, o cümlədən Atlantik Şura, Los-Anceles Beynəlxalq Məsələlər Şurası, Cənubi Kaliforniya Universiteti və Çapman Universiteti tərəfindən təşkil olunub. Tədbirdə beyin mərkəzlərinin tanınmış ekspertləri, Almaniya Bundestaqının üzvü və ATƏT-in Parlament Assambleyasının sədr müavini Doris Barnet, sabiq ABŞ və Avstraliya diplomatları, Cənubi Kaliforniya, Börkli, Çapman və Stanford universitetlərinin professorları və digər nüfuzlu şəxslər iştirak edib, məruzələr dinlənilib.
Milli.Az