Tanrıverdi Mustafayev: "Köməyim dəyən insanın "Allah razı olsun" duasının xatirəsi ilə ailəmi başıma yığıb şam eləməyim ən böyük xoşbəxtlikdir"

Layihə: Sözçü

Bura Azərbaycandı, hər iş daşdan keçər. Dürlü-dürlü dövlət qurumlarının, nazirliklərin, komitələrin, idarələrin işləri bir aləmdirsə, bu işlərdən bizləri agah eləyənlər tamam ayrı aləmdirlər. Razılaşaq ki, bəzən jurnalistikanın, hətta bütün ictimaiyyətin bir quruma münasibəti o qurumun sözçüsünün sözündən, əməlindən, hərəkətindən, qısası ictimaiyyətdəki hörmətindən asılı olur. Şəxsən mən son 5 ildə Azərbaycanda iki belə sözçünün hörmət qazandığının şahidi olmuşam. Biri yenə növbəti dəfə naziri dəyişilən İqtisadi İnkişaf Nazirliyinin sözçüsü Abbas müəllimdir. Digəri isə vəzifəyə təyin olunan kimi yazılarımın birində "Bakıelektrikşəbəkə"nin tanrısı verdi" kimi xarakterizə etdiyim adıçəkilən qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevdir...

...Qulaq şahidiyəm. İllər əvvəl bir nəfər yanımda Tanrıverdi müəllimə telefon açdı və əsəbi şəkildə, bir az da hövsələsiz şəkildə "işığımız niyə yoxdur" deyə şikayət elədi. Cəmi beş dəqiqəlik telefon danışığından sonra həmin əsəbi adamdan əsər-əlamət qalmamışdı. Üzr istədi və dəstəyi qoydu. İnanın ki, şəxsən mənim üçün daha işığın yanıb-yanmamasının fərqi yoxuydu. Hələ o zamanlar üzünü görmədiyim Tanrıverdi Mustafayev elə danışığıynan hamımızı işığa bələmişdi...
İndi şükür Allaha, daha işıqlarımız da tez-tez sönmür, əvvəlki problemlərdən elə bir şey qalmayıb. Ancaq Tanrıverdi müəllim yenə işıqlı siması, işıqlı sözü və insanlara sevgisi ilə İŞIĞIMIZIN sözçüsüdür. Həyatı qədər özü də maraqlı adamdır. Bir az da duyğusal. İndi özünüz deyin, belə bir sözçüsü olduğuna görə "Bakıelektrikşəbəkə"nin tanrısı verib, yoxsa yox?..

"Qazandığım uğurlarda Əliyevlər ailəsinə borcluyam"

- Tanrıverdi müəllim, Azərbaycana gəlişinizdə çox çətin bir sahənin - enerji sahəsinin sözçüsü olaraq işə başladınız. Çətin olmadı?

- Ümumiyyətlə, mən işimdə həmişə ardıcıl olmağa çalışmışam. Nizaminin təbiri ilə desək, "Kamil bir palançı olsa da, insan yaxşıdır yarımçıq papaqçılıqdan" demişəm. Mənim iş prinsipimin başlıca qayəsi yenə işin özü olub. Uşaqlıqdan buna alışmışam. Yəni, ağlım kəsəndən - orta məktəbdən başlamış, məktəbi qurtarana, ali məktəbə daxil olana və buranı bitirənə, sonradan artıq vətəndən uzaqlarda elmi, ictimai, dövlət işiylə məşğul olana, indi də Azərbaycandakı işlərimə qədər hər yerdə, hər zaman çalışdım ardıcıl olum. Ona görə də, çətinlikləri dəfə edə bildim.

- Maraqlı taleyiniz olub. Bir kənd uşağı, ardından "uzaq sahillər", orada dövlət işi, sonra yenə vətən... Necə xatırlayırsınız o günləri?

- Həm məsuliyyətli, həm də insanı bu yaş dövründə illər öncəyə aparan sualdır. Xəyalən doğulduğum Qərbi Azərbaycanın Krasneselo rayonuna qayıtdım. İndi mən həmin 18 yaşlı cavanı xatırlayıram ki, uşaqlıqdan jurnalist olmaq arzusunda olsa da, ali məktəbdə elektrotexnika mühəndisi ixtisasına yiyələndi və təyinatla Kənd Təsərrüfatı Nazirliyi Elmi Tədqiqat Əkinçilik İnstitutunda elmi iş götürüldü. Bu da ağlıma gəlməzdi. Çünki kolxozçu ailəsində doğulmuşam, çox kiçik yaşlarımızda atamız rəhmətə gedib, evin bütün ağırlığı bizim çiyinlərimizə düşüb. Ancaq elmi işə başlayanda 2 il ixtisasdəyişmə kursu keçməli oldum ki, bu da sonrakı taleyimdə önəmli rol oynadı. Üumiyyətlə, keçdiyim ömür yolunda, qazandığım uğurlarda Əliyevlər ailəsinə borcluyam. Allah rəhmət eləsin, ulu öndərimiz Heydər Əliyevin təhsil almağa göndərdiyi tələbələrdən biri də mən oldum və beləcə, Moldoviyada ixtisasartırma kurslarına getdim. Burada Ekoloji Genetika İnstitutunda bitki fiziologiyası üzrə ixtisaslaşdım. O zaman bu ixtisas və bunun praktiki tətbiq sahəsi keçmiş SSRİ məkanında yalnız Moldoviyada və akademik, biologiya elmləri doktoru Cəlal Əliyevin rəhbərliyi ilə Azərbaycanda vardı. Beləcə, orada biofizika ixtisasına sahibləndim və sonra aspiranturaya daxil oldum, müdafiə elədim.

- Moldaviyada ictimai işə keçməyiniz necə oldu?

- Sovetlər Birliyi artıq dağılmağa doğru gedəndə, Moldova Azərbaycanlıları Adət və Ənənələri mərkəzi - "Araz" cəmiyyəti yaratdıq.

- Orada azərbaycanlı çoxuydu?

- 1989-cu ilin statistikasına görə o vaxtı orada 2642 azərbaycanlı varıydı. Ancaq bu təşkilatı yaradanda cəmi 8 azərbaycanlı tanıyırdım. 1991-ci ildə həmin 8 azərbaycanlını yığdıq və bu təşkilatı yaratdıq. Artıq əsas məqsədimiz iki respublika arasında mövcud əlaqələrin qorunub-saxlanması, Moldoviyadakı azərbaycanlıları bir yerə yığmaq, problemlərimizi birgə həll etmək idi. Sonradan Moldoviyada 1991-ci ildən yaranan milli məsələlər üzrə Departamentdə işləmək təklifi aldım.

- Burada əsas işiniz nə idi?

- Bilirsiniz, Moldoviyanın 36 faizi qeyri-moldovandır. 14 faizi ukraynalılar, 13 faizi ruslardır. Həmçinin 153 min də qaqauz yaşayır ki, bu gün onlar artıq mədəni-iqtisadi muxtariyyat alıblar. Departamentdə 6 şöbə varıydı və mənim rəhbərlik etdiyim şöbə 20 mindən aşağı olan millətlərlə - beloruslar, litovlar, latışlar, azərbaycanlılar, o cümlədən də ermənilərlə işləyirdi. Düz 10 il, yəni 2001-ci ilə qədər bu şöbəyə rəhbərlik etdim.


"Harada olursansa-ol, doğru, dürüst olacaqsan"


- Azərbaycana gəlişiniz necə oldu?

- Hər şey bura səfərdən başladı. 1997-ci ilin, söz vaxtına çəkər, elə noyabr ayı idi. Moldova prezidentinin Azərbaycana və Gürcüstana rəsmi səfəri zamanı mən də rəsmi dəvət aldım. Bakı Dövlət Universitetində düzənlənən görüşdə Moldova prezidenti çıxışında bildirdi ki, Moldoviyada da azərbaycanlılar yaşayır, onlar bu ölkənin vətəndaşlarıdır və məni təqdim elədi. Mən ayağa durdum və ulu öndərimizin tribunadan mənə necə qururla baxdığını indi də xatırlayıram. İndi də inanıram ki, o hətta mənim Moldoviyaya nə vaxt göndərildiyimi də xatırladı. Rəsmi səfər 2 gün çəkdi, ancaq bu iki gün ərzində harada görüş olurdusa, tez soruşardı ki, bizim azərbaycanlılar cəmiyyətinin sədri haradadır. Nümayəndə heyəti yola düşəndə də tövsiyyələrini verdi. Təbii ki, əgər 14 saat işləyirdiksə, onun tapşırığından sonra 18 saat işləməliydik. Yəni, böyük məsuliyyət idi...
Sonra ikinci dəfə Dünya Azərbaycanlılarının I qurultayında bir daha ulu öndərimizlə görüşdüm və səsi indi də qulaqlarımdadır. Biz yola düşəndə gülümsəyib dedi ki, sən də gedirsən? İstədim, deyəm, qal desəniz, qalaram. Ancaq tale elə gətirdi ki, az sonra birdəfəlik qayıtdım.

- Uyğunlaşmaq çətin olmadı ki?

- Bilirsiniz, orada 10 il müddətində dövlət və ictimai işlə məşğul oldum. Uyğunlaşmaq baxımından o vaxt çətinlik olar ki, insan hər işdə bir prinsip sərgiləsin. Ancaq harada işləməyimdən, çalışmağımdan asılı olmayaraq, həmişə bütün məşğul işlərə eyni şövqlə, istəklə yanaşmışam. Bu gün bir söz deyib, sabah başqa söz demək, yaxud bir cür düşünüb, başqa cür danışmaq mənim üçün yaddır: harada olursansa-ol, doğru, dürüst olacaqsan. Mənim həyat prinsip belə olub.

- Sizin işiniz bir az da diplomatların işinə bənzəyir. Özünüzü diplomatik vəzifədə sınamaq arzumunuz varmı?

- Desəm ki, arzum var... Ancaq bu artıq qismət məsələsidir.

- Siz razılaşmaya bilərsiniz, ancaq fikrimcə, Azərbaycanın əksər dövlət qurumlarında işləyən mətbuat xidmətlərinin işi o qədər də qaneedici deyil. Sizcə, mətbuat xidmətinin rəhbəri üçün ən başlıca qayə nə olmalıdır?

- Burada bir mühüm məqamı nəzərə almalıyıq. Mətbuat xidmətlərinin işinin fərqliliyi həm də onun mənsub olduğu qurumun funksional vəzifəsindən asılıdır. Biri var, hansısa siyasi bir qurumun mətbuat xidməti, biri də var, özəl şirkətin. Yəni, buradakı mətbuat xidmətlərindən fərqli şeylər tələb edilir. Başlıcısı işini elə qurmalısan ki, sənin işinlə qurumun cəmiyyətdə, ictimaiyyətdə həyata keçirdiyi fəaliyyəti bir-birini tamamlasın. Ümumiyyətlə, götürəndə isə məncə mətbuat xidmətinin əsas qayəsi obyektivlik olmalıdır. Yəni, mənə kimsə sual verəndə özümü o sual verənin yerinə qoyaraq ona cavab verməliyəm. Tutaq ki, mən ekrana çıxıram və deyirəm ki, filan rayonda işıq var, halbuki həmin an məhz həmin yerdə işıq yoxdur. Sizcə abonent mənə nə deyər? Bir də mətbuat xidməti dəqiqləşdirilməmiş bir fikir bildirməməlidir. Məsələn, bizdə İdarə Heyəti fəaliyyət göstərir və mən həm də "Bakılektrikşəbəkə" İH-nin sədrinin sözçüsüyəm. Bu baxımdan, hər hansı bir məlumat ictimaiyyətə, təbii ki, razılaşdırıldıqdan sonra açıqlanmalıdır.

"Evimizin işıqlı olması bəlkə də, bizim qədər abonentin özündən də asılıdır"

- Tanrıverdi müəllim, qış qapıdadır. Bu il Bakının hansı rayonlarından arxayınsınız, hansılardan nigaran? Qışı necə keçirəcəyik?

- Səmimi deyirəm, bu dəqiqə bir yerdə maşına oturaq, gedək, son iki ildə "Bakıelektrikşəbəkə"nin apardığı yenidənqurma işlərinə baxaq. Sadəcə, qısa olaraq deyim. Dörd ədəd 110 kilovoltluq və 8 ədəd 35 kilovoltluq yarımstansiya quraşdarılıb. O cümlədən 30 kilometr uzunluğunda hava xətti çəkilib. Küləyə davamsız kabel xətlərinin yeraltı xətlərlə və bütün ağac, taxta dayaqların hamısının dəmir-beton dayaqlarla əvəz olunması kimi işlər görülüb. Əminliklə demək olar ki, bu qış Bakının 11 rayonunun 11-də də heç bir problem olmayacaq. Yəni, keçən il bu problemlərin hamısını ardıcıl olaraq aradan qaldırmışıq. Amma burada mühüm bir məqam var. Hər şey təkcə "Bakıelektrikşəbəkə"dən asılı deyil. Abonentlərdən də çox şey asılıdır. Yəni, əgər bir abonent evində standartdankənar cihaz qoşursa, bu artıq həmin xəttin yüklənməsi deməkdir. İkinci, üçüncü və digər belə cihazlar artıq problem yaradır. Bu baxımdan, evimizin həmişə işıqlı olması bəlkə də, bizim qədər abonentin özündən də asılıdır. Tək bizdə deyil, dünyanın hər yerində belədir ki, elektrik xətləri və yarımstansiyaları mənzillərdə normal elektrik sərfi üçün qurulur. Özünüz fikirləşin, əgər bir binanın sakinləri öz əlləri ilə öz xətlərinə standartda nəzərdə tutulmayan qızdırıcı qoşurlarsa, birinci zərbə özlərinə dəymirmi?

- Tanrıverdi müəllim, əvvəllər borclu abonentlərin siyahısını dərc etməklə onları ictimai qınağa tuş etmək kimi ənənə vardı...

- Biz abonetlərimizə qətiyyən fərq qoymuruq. Və indiyə qədər də heç bir abonentin adını hallandırmamışıq. Elə olub ki, abonentin borcu olub, müəyyən hissəsini ödəyib. Yəni bizdə əsas şüar belə olub ki, "abonent həmişə haqlıdır"! Qaldı ki, yerlərdə yaranmış problemlərin həll olunmasına, "Bakıelektkrikşəbəkə"nin yerlərdə strukturları var, komissiya fəaliyyət göstərir. 2006-cı ilə qədər borcları bir tərəfə qoymuşuq və lazım olanda abonentin bir zəngiylə komissiya onun evinə qədər gedib problemi yerində araşdırır.

"Mənə pislik eləmək istəyən adamla rastlaşmamışam"

- İşinizdən həzz alırsınızmı?

- Bayaq dedim, yenə deyirəm: mən harada işləməyindən asılı olmayaraq, həmişə işimdən həzz almışam. Bir də insanlarla işləməkdən böyük həzz olarmı?

- İndiyə qədər Sizə deyən olmayıb ki, insanları niyə bu qədər sevirsiniz?

- ...Moldoviyadakı işə evdən piyada gedirdim. Bir də görürdün, küçədə moldovan dostlar əllərini qaldırıb salamlaşırlar: "Salam, "Tanır"! Onları gülərüz görəndə mən də sevinirdim. Ümumiyyətlə, indiyə qədər dünyanın çox yerində olmuşam, ancaq şəxsən mənə pislik eləmək istəyən adamla rastlaşmamışam. Bu işimdə də belədir. Bir də görürsən, içəri qəzəbli, hirsli bir şikayətçi girir. Mən sadəcə, onun ürəyini boşaltmasını istəyirəm və onu dinləyirəm. "İndi icazə verirsinizmi mən də danışım" sözümdən sonra insan təəccüblənir ki, bu adam məndən niyə icazə istəyir? Beləcə, insanı dinləyirəm və kömək etməyə çalışıram. Köməyim dəyən hansısa insanın "Allah razı olsun" duasının xatirəsi ilə ailəmi başıma yığıb şam eləməyi ən böyük xoşbəxtlik hesab edirəm. İndi özün de, İlham Tumas, insanları necə sevməyəsən?

İlham TUMAS
ilham_tumas@mail.ru