"Ardıcıl 7 qələbə qazandıq. Vacib olan qalib gəlməyimizdi, bu seriyanın 7 matçdan ibarət olması isə artıq statistikadı". Fanat.az xəbər verir ki, Topaz Premyer Liqasının XXX turunda “Neftçi”ni 3:1 hesabı ilə yenən “Qəbələ”nin ilk qolunu vuran Aleksey Qay deyib.
33 yaşlı yarımmüdafiəçi “Qəbələ”nin heyətində 2-ci dəfə qol sevinci yaşayıb. Qış fasiləsində heyətə cəlb olunan Qay buna 13-cü matçında nail olub. 2015-ci ildə baş tutan 11 çempionat və 2 kubok oyununun hamısında 90 dəqiqə meydanda olan futbolçu “İnter”lə səfər oyununda da (2:1) hesabı açmışdı. Ukraynalı futbolçu "Neftçi" matçı ilə bağlı fikirlərini gabalafc.az-a açıqlayıb: “Neftçi” ilə qarşılaşmada daha təşkilatlanmış oyun göstərdik. Bunun da nəticəsində rəqibimizə özünün güclü tərəflərini nümayiş etdirməyə imkan vermədik. Özümüz isə əksinə, oyunla bağlı bütün düşüncələrimizi yerinə yetirdik. Bunu təkcə rəqibi yaxşı təhlil etməklə əlaqələndirməzdim. Qarşılaşmaya tam konsentrasiya olmuşduq. Baş məşqçinin tapşırıqlarını düzgün yerinə yetirib, istədiyimiz nəticəni qazandıq".
Heç vaxt turnir cədvəlinə baxıb, fikir söyləmirəm. Bu üzdən bürünc mükafat şanslarından danışmaq istəmirəm. Biz hər oyunda maksimum nəticə üçün mübarizə aparırıq. Düzdü, komandamızın qollarından birinə imza atdım. Amma futbolda vurulan qol bütün komandamın əməyinin nəticəsidi", deyə Qay əlavə edib.
Fanat.az