Həqiqətən də, bir insan onu azadlıqdan məhrum edən bir hökuməti dəstəkləyə bilərmi, yoxsa həmin insan sadəcə buna etiraz etməyəmi qorxur? ABŞ hökumətinin Suriya və Ukraynada dağıdıcı və uğursuz siyasətini müdafiə edən ekspertləri eşitdikdə bütün bu dəstəklər şübhə doğurmalıdır.
Əslində, onlar özləri də öz dediklərinə inanmırlar, sadəcə hökumətlərinin zalım və ağılsız strategiyalarının əksini iddia etdikləri halda karyeralarının əldən gedəcəyindən qorxurlar. Bu qorxaqların həqiqətə göz yumaraq karyeralarını qorumaq istəyi uğursuz bir hökuməti mətbuatda dəstəkləyən yaltaqlar üçün bir vasitədir.
Britaniyalı filosof Ceremi Bentam “panoptikon” anlayışını yaratdı, belə ki, bu sözlə məhbusların fiziki qandal və gözətçilərlə yox, hər an onları izləyən nəzarətçinin olması ehtimalı ilə idarə olunduqları dairəvi həbsxana təsvir edilirdi. Bu tip həbsxananın uğurlu olmasının səbəbi nəzarət edilən məhbusların izlənib-izlənmədiklərini bilməmələri, ona görə də, daima davranışlarına nəzarət etmələri idi.
Bu və ya digər şəkildə bir növ bu tip həbsxanalarda olduğu kimi ABŞ və başqa bir çox ölkələrin vətəndaşları uzun müddət hökumətin onları izləmək üçün böyük imkanları olduğunu düşünüblər. Eduard Snouden tərəfindən ifşa olunan məlumatlar bir çox insanın sui-qəsd nəzəriyyələrinə bənzədiklərinə görə ifadə etmədikləri qorxularını təsdiqləməyə xidmət etdi. Şəxsi əlaqələrin ABŞ dövlət agentliyi və Britaniyanın Dövlət Kommunikasiya Mərkəzi tərəfindən izlənilməsi ilə bağlı məlumatların üzə çıxması hökumətlə xalq arasında böyük inamsızlıq yaratdı. Hökumətin insanların internetdə açıq qoyduqları məlumatları izləməsi belə narahatlıq yaratmağa kifayət edərdi. İnsanlar buna etiraz etməyə bilərdilər, ama etməlidirlər. Hökumətin hər bir kəsi izləməsi insanları idarə etmək istəməsi deməkdir.
Artıq amerikalılar hökuməti yox, hökumət amerikalıları idarə edir. ABŞ hökuməti xilas olmaq və mümkün olduğu qədər güclənmək üçün öz xalqına və ya istənilən xarici ölkənin xalqına qarşı hər şey edə biləcəyini göstərib.
Eduard Snouden Amerikanın nəzarət sisteminin ona uyğun olmadığını, bu sistemin “saxta” vətənpərvərliklə nəzarətdə saxlanıldığını iddia edirdi. Belə ki, əslində burda əsas amil qorxu və vəzifəli şəxslərə itaətdir. Mətbuatda da aydın görünür ki, həmin itaətkarlıq Britaniyada hökumətin “The Guardian” qəzetini məlumatların yox edilməsinə məcbur etməsindən sonra daha da çoxaldı. Bundan sonra Britaniyada hökumətin legitimliyi sıfıra endi. Eyni zamanda, qəzet artıq dövlət siyasətini sorğulamadan təkrarlamağa başladı.
Dövlətin ictimai müzakirəyə getdikcə yayılan zorakı müdaxiləsi şəraitində hökumətin siyasətini dəstəkləyən və ya bölüşən istənilən şəxs qorxaqdır. Bu insanların arqumentləri öz fikirlərindən yox, işlərini itirmək qorxusundan irəli gəlir. Özlərini liberal adlandıran şəxslər demokratiya və azadlığa inandıqlarına görə “avtoritar” İran və Rusiyaya qarşı olduqlarını iddia etsələr də, onlar əslində öz avtoritar sahiblərinin qullarıdır.
İnternet əsrində inanmaq çətindir ki, kimsə hökumətin təbliğatını həqiqət olaraq qəbul edəcək qədər axmaq olsun. Belə insanlar hələ də var, ancaq belələri mətbuatda ümumi ictimaiyyətdən daha çoxdur. Mətbuat “demokratiya” haqqında anlayışı varmış kimi hökumətin bəyanatlarını tutuquşu kimi təkrarlayaraq dayanmadan yalan məlumatlar verir. Kütləvi informasiya vasitələrinin həddindən artıq, kəskin şəkildə tənqid edildiyi düşünülə bilər, ancaq onlar bu tənqidlərə layiqdirlər.
Söz azadlığı sıravi vətəndaşlar üçün yaradılıb, ona görə də, bundan vətəndaşları hədələyən oliqarx rejimi dəstəkləmək üçün istifadə edənlər söz azadlığına mümkün olan ən pis şəkildə zərbə vururlar. Totalitar dövlətin əlaltıları sağlam demokratiyanı gücləndirmir, əksinə onu zədələyirlər.