Füzuli, 18 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Koreya Respublikasının Azərbaycandakı səfirliyi və Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının (SEBA) təşkilatçılığı ilə Füzuli rayonunda məcburi köçkünlər üçün “Sabaha sağlam ruhla” adlı layihə həyata keçirilib. Layihə çərçivəsində Kyung Hee Universitetinin SEBA Assosiasiyasının nəzdindəki Koreya Şərq Təbabəti Klinikasının əməkdaşları, koreyalı həkim-professorlar və fizioterapevtlər tərəfindən iki gün ərzində 160 nəfər məcburi köçkünə könüllü tibbi xidmət göstərilib.
AZƏRTAC xəbər verir ki, osteoxondroz, iflic, artrit, revmatizm, əzələ ağrıları və digər xəstəliklərdən əziyyət çəkən insanların müayinəsi ilə bərabər, hər bir pasiyentə dərman bağlamaları da paylanılıb. Layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Füzuli Rayon İcra Hakimiyyətinin dəstəyi ilə reallaşıb.
Səfər çərçivəsində Koreya Respublikasının səfiri Çoi Sukİnn və SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərova Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşüb, məcburi köçkünlərin məskunlaşdığı “Zobucuq 2” qəsəbəsində olublar. Bir məcburi köçkün ailəsinə səfirlik və SEBA Assosiasiyası tərəfindən məişət texnikaları hədiyyə edilib.
Layihə çərçivəsində Horadiz şəhər 3 nömrəli tam orta məktəbində 3-5-ci sinif şagirdləri arasında “Sehirli nağıl” rəsm müsabiqəsi təşkil olunub. Şagirdlər Azərbaycan nağılı "Göyçək Fatma" və Koreya nağılı "Şim Çonqun hekayəsi" haqqında təsəvvürlərini rəsmlərdə təsvir ediblər.
Tədbirdə çıxış edən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və məktəbin direktoru Vüsalə Qəhrəmanova layihəni Koreya-Azərbaycan dostluq münasibətlərinin göstəricisi olduğunu qeyd edərək, cəbhə bölgəsində yaşayan füzulililəri yaddan çıxarmadıqları üçün Koreya Respublikasının Azərbaycandakı səfirliyinə və SEBA Assosiasiyasına təşəkkürlərini bildiriblər.
Səfir Çoi Sukİnn çıxışında qeyd edib ki, “Sabaha sağlam ruhla” layihəsi Koreya-Azərbaycan arasında qarşılıqlı anlaşma və inam əsasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi daşıyır. Azərbaycan və Koreya bir-birindən uzaq məsafədə yerləşsələr də, hər iki nağılı oxuduqda xalqlar arasında ümumi cəhətləri görmək olur.
Sonra müsabiqənin qalibinə və iştirakçılara hədiyyələr təqdim edilib.
Həmin gün Horadiz şəhərində nümayiş olunan “Memarlıq-101” Koreya filmi tamaşaçıların böyük marağına səbəb olub.
Səfir Çoi Sukİnn jurnalistlərə müsahibəsində bildirib ki, Koreya səfirliyinin 10 ildən az müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan-Koreya münasibətləri yüksək səviyyədə inkişaf edir. Bu münasibətlər tək siyasi deyil, həm də iqtisadi və mədəniyyət sahələrini əhatə edir. Səfirlik xalqlarımız arasında anlaşmanı inkişaf etdirmək məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Bu cür tədbirlər xalqlarımızı və ölkələrimizi daha da yaxınlaşdırır.
Layihənin bu il Azərbaycanın daha iki rayonunda da həyata keçirilməsi nəzərdə tutulur.






