İndiki hakimiyyəti dəstəkləyən Qərb bu ölkədə vəziyyətin gərginləşməsinə nədənsə göz yumur
Keçən ilin sonlarından başlayaraq Rusiya və Qərb arasında növbəti münaqişə zonasına çevrilən Ukraynada vəziyyət yenə gərginləşib. Belə ki, bir neçə aydır davam edən açıq savaş gizli hücumlarla əvəzlənib və müəmmalı qətllərin törədilməsinə başlanılıb. Əvvəlcə, xeyli vaxtdır hədə və təzyiqlərə məruz qalan Regionlar Partiyasından olan keçmiş millət vəkili Oleq Kalaşnikovun öldürüldüyü xəbəri ildırım sürətilə yayılıb. Sonra isə məşhur jurnalist, ProUA və Obkom internet nəşrlərinin həmtəsisçisi Sergey Suxobokun öldürüldüyü məlum olub. Daha sonra isə digər jurnalist - Olesya Buzin qətlə yetirilib.

Bu gizli döyüşlərin birmənalı şəkildə Maydan hadisələrinin davamı olduğunu deyə bilərik. Məlumdur ki, Maydan hadisələri sırf Qərbin maddi və mənəvi dəstəyi ilə baş tutub. Əksi ola da bilməzdi. Sirr deyil ki, hər hansı bir ölkədə belə kütləvi etirazların həyata keçirilməsi üçün beynəlxalq güclərin dəstəyi lazımdır ki, onu da Rusiyaya qarşı əməliyyat həyata keçirmək üçün fürsət gözləyən Qərb məmnuniyyətlə etdi. Amma xalq buna getdisə də, nəticədə yaxşı heç bir şey qazanmadı. Təəssüf ki, etirazlar Taras Şevçenkonun vəsf etdiyi Ukraynanın dağılmış və parçalanmış Ukrayna ilə əvəzlənməsinə səbəb oldu. Ölkə nəinki heç nə qazanmadı, faktiki olaraq, ərazilərinin əhəmiyyətli hissəsini itirmiş duruma düşdü. İşğal faktı da xalqların öz müqəddəratını təyin etməsilə əvəzləndi. Beləliklə də, Ukrayna ərazilərini sənədli-sübutlu şəkildə itirdi. Təəssüf ki, bu məqam həmin torpaqların geri qaytarılmasına heç bir inam yeri qoymur. Çox güman, bütün bunlara səbəb və təqsirkarın birmənalı şəkildə Qərb olduğunu bilməyən qalmayıb. Öncədən də bu hadisələrin baş verməsində ən maraqlı tərəflər ABŞ və Avropa İttifaqı idi. Faktiki olaraq, Qərbin ənənəvi taktiki gedişi Qırğızıstan və Gürcüstandan sonra Ukraynanın başında çatladı.

Amma bu gün Ukraynanın dağıdılmasına, separatçılığa məruz qalmasına səbəb olan “havadarları” həmin torpaqların geri qaytarılacağına dair heç bir vəd vermir. Belə ki, hərbi məsələlərdə Qərb Ukraynaya müəyyən yardımlar edir. Elə dünən Ukrayna əsgərlərinə hərbi təlim keçəcək ABŞ desant briqadasının hərbçilərinin münaqişə zonasına göndərilməsinə start verilib.

ABŞ-ın Ukraynadakı səfiri Cefri Payet Twitter hesabında ABŞ Silahlı Qüvvələrinin 173-cü hava - desant briqadasının hərbçilərini gətirən təyyarənin Lvov hava limanına endiyini qeyd edib. Amma faktiki olaraq, bu cür yardımların heç bir nəticəsi yoxdur. Hətta bu kimi yardımların hadisələrin gərginlikdə saxlanılmasına hesablanmış addım olduğunu söyləmək də mümkündür. Məsələnin ən pis tərəfi odur ki, münaqişə qızışdıqca Ukrayna daha çox torpaq itkisinə məruz qalır. İndiyə qədər baş vermiş oxşar hadisələrə də nəzər saldıqda görürük ki, hələ ki, itirilən heç bir ərazi geri qaytarılmayıb. Bu, bir daha təsdiq edir ki, Qərbin demokratiya harayı, demokratiyaya dəstək iddiaları sırf onların öz maraqlarına xidmət edən yalandır. Baş verənlərdən çıxan nəticə budur. Hətta sonradan Qərbin Ukraynanı Rusiyaya güzəştə getdiyi də deyilirdi. Bu isə o deməkdir ki, Qərb Ukraynaya görə Rusiya ilə düşmən olduğunu nümayiş etdirməkdə maraqlı deyil.

Beləliklə, ABŞ və Avropa İttifaqının Ukraynaya barmaqarası yanaşdığı açıq-aşkar hiss olunur. Bu kimi faktlardan sonra Ukraynada baş tutan qətllərin arxasından Qərb izi çıxarsa, buna qətiyyən təəccüblənmək lazım deyil. Xatırladaq ki, bir müddət öncə Rusiya müxalifətinin lideri hesab olunan Boris Nemtsovun qətli ilə bağlı da bir neçə tutarlı faktlar səsləndirildi ki, onların da hamısı Qərbin əleyhinə idi.

Diqqətçəkən digər bir məqam var. Hər zaman müxtəlif ölkələrdə jurnalist, ümumiyyətlə, insan haqlarının pozulmasından “narahat” olanlar Ukraynada onların nəinki maneələrlə rastlaşmasına, hətta həyatını itirməsinə bilavasitə səbəb olur, sonra isə belə hadisələrə münasibətdə susqunluq nümayiş etdirirlər. Məlumdur ki, Qərbin kurasiyasında olan beynəlxalq təşkilatlar guya belə məsələlərə həssas yanaşdıqlarını deyirlər. Amma iş reallığa gələndə əksini görürük. Belə ki, hakimiyyəti dəstəklədikləri ölkələrdə bu cür cinayət hallarına heç bir ciddi reaksiya verilmir. Amma vay o gündən ki, nəzarətlərində olmayan dövlətlərdə bu kimi hadisələr baş versin. Dərhal məsələ şişirdilir və buna görə hakimiyyət ittiham olunur. Bu isə onların növbəti dəfə ortaya qoyduqları ikili yanaşmadan başqa bir şey deyil. Ukraynanın indiki hakimiyyətini dəstəklədikləri heç kimə sirr deyil. Hesab edirik ki, bu fakt hər şeyi deyir.

Bütün faktlar isə bir daha belə deməyə əsas verir ki, Avropa və Amerikanın gətirdiyi “demokratiya” heç kimi xoşbəxt etməyib. Faktiki olaraq, Ukrayna Maydan hadisələri baş verməmişdən öncə sabit ölkə idi. Deməli, doğrudan da deyilənlərlə əməllər bir-birini tamamlamır. Bu faktı isə istəsələr belə, dəyişə bilməzlər.

Kaspi.az