[ 18 Aprel 2015 12:14 ]
Bakı. Vüsal Nəbiyev - APA-Economics. Nəqliyyat nazirinin müavini Arif Əsgərov Türkiyənin İqtisadiyyat Nazirliyinin idarə rəisi Uğur Öztürkün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, görüş zamanı A. Əsgərov nəqliyyat-yol kompleksində görülən işlər barədə məlumat verib, iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları və regionda nəqliyyat əlaqələrinin inkişafı üçün perspektiv layihələr barədə danışıb.
Tərəflər Gürcüstan və Azərbaycandan keçməklə Türkiyədən Mərkəzi Asiyaya avtomobil yükdaşımalarının artırılması ilə bağlı müzakirələr aparıblar.
Müzakirələrdə gömrük və sərhəd-keçid prosedurları, liman xidmətləri və dəniz daşımaları ilə bağlı məsələlər, o cümlədən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından istifadə, Türkiyəyə məxsus yük avtomobillərinin bərələrlə daha böyük həcmdə daşıma imkanları, rüsum və tariflər və bu daşımaların asanlaşdırılması ilə bağlı digər məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində liman və dəniz daşımaları sahəsində müvafiq infrastruktur obyektləri ilə tanışlıq, eləcə də Bakı Beynəlxalq Ticarət Limanı və Ələt qəsəbəsindəki Yeni Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinə səfərlər təşkil edilib.