Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) birgə təşkilatçılığı ilə keçirilən “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın final tarixi müəyyənləşib.
 
Belə ki, 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan olimpiadanın final mərhələsi mayın 2-si saat 10:00-da AMEA İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.
 
Qeyd edək ki, olimpiadada iştirak etmək üçün ali təhsil müəssisələrindən 63 komanda qeydiyyatdan keçib və onlardan 56-sının qeydiyyatı təsdiqlənib.
 
Müsabiqənin şərtlərinə görə, olimpiadada hər bir təhsil müəssisəsindən maksimum 5 komanda qeydiyyatdan keçə bilər və hər bir təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən yalnız 1 komandası olimpiadanın ikinci (final) mərhələsinə vəsiqə qazanır. 2007-ci ildən  davam edən olimpiadanın ilk mərhələsinə ev sahibliyini Qafqaz Universiteti edib. I mərhələdə 14 ali təhsil müəssisəsindən 50 komanda (hər komandada 3 tələbə) iştirak edib.
 
Müsabiqədə komandalara 10 alqoritmik məsələnin 5 saat ərzində kompüterdə proqramlaşdırılması tapşırığı verilib. Məsələlərin həlli PC2-9.2.4 onlayn avtomatik qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilib.
 
Müsabiqənin ikinci (final) mərhələsində qaliblər  qiymətli hədiyyələrlə mükafatlandırılacaq.
 
 
Həqiqət İSABALAYEVA