Bakı, 18 aprel, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospekti istiqamətində yüksək sürətlə hərəkətdə olan “Lifan” markalı minik maşını yolun kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobil iki hissəyə bölünüb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Avtomobildə olan üç nəfər hadisə yerində dünyasını dəyişib, bir nəfər isə ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.