Bakı, 17 aprel, AZƏRTAC
Qazaxıstanın paytaxtı Astanada Herontoloqların Birinci Avrasiya Konqresi keçirilib.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildirilib ki, Rusiya, ABŞ, Belarus, Ukrayna, Azərbaycan, Koreya və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri beynəlxalq tədbirdə insan ömrünün uzadılması və sağlam uzunömürlülüyün tibbi-bioloji aspektləri müzakirə olunub.
Plenar iclasda AMEA-nın Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimova “Azərbaycanda herontoloji tədqiqatlar: müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.