Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Çanaqqala zəfəri:1915-ci il I Dünya müharibəsinin təlatümləri və Osmanlı imperiyası” mövzusunda konfrans keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, konfransda “Birinci Dünya müharibəsində böyük dövlətlərin Şərq siyasəti və Osmanlı imperiyası”, “Çanaqqala zəfərinin türk tarixində yeri və əhəmiyyəti”, “1915-ci ildə Osmanlı imperiyasında erməni siyasi təşkilatlarının terrorçu və təxribat fəaliyyətləri və nəticələri (Van hadisələri)” və digər mövzularda məruzələr dinləniləcək.