Bakı. 17 aprel. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları üçün nəzərdə tutulan idman qurğularından biri də Bakı Atıcılıq Mərkəzidir. Bu gün "Report"un əməkdaşı obyektdə olub. 
Hazırda obyektdə təhlükəsizliklə bağlı işlər görülür ki, bunlar da aprelin sonunadək yekunlaşacaq. Mərkəzin baş meneceri Voran Natan jurnalistlərə açıqlamasında bütün atış sahələrinin sıınaqdan keçirildiyini və uğurla başa çatdığını deyib. Onun sözlərinə görə, 300 metr məsafədə güllə atışı üçün şərait olsa da, Avropa Oyunları zamanı bundan istifadə olunmayacaq. N.Voran həmin məsafəyə atışın "Bakı 2015"in proqramında yer almamasını səbəb göstərib. Baş menecer Bakı Atıcılıq Mərkəzinin beynəlxalq arenalardan üstün cəhətinin olduğunu da qeyd edib: "Bu mərkəzin üstünlüyü ondadır ki, şəhərdən aralıda yerləşmir. Həm də müxtəlif məsafələrə atışlar eyni zalda həyata keçirilə bilər".
V.Natan deyib ki, atıcılıq yarışlarını izləmək istəyənlər tək biletlə yalnız bir yarışa baxa biləcək. Yəni, stend atıcılığı yarışı üçün bilet alan tamaşaçı güllə atıcılığı zalında əyləşə bilməyəcək və ya əksinə. 
İdman qurğusu 3 atış sahəsindən ibarətdir. Bunların ən böyük əraziyə sahib olanı stend atıcılığı üçün nəzərdə tutulub. Uzunluğu 650 metr, eni isə 200 metrdən çox olan ərazidə eyni anda 5 idmançı dəqiqliyini nümayiş etdirə biləcək. Burada həm dairəvi, həm də səngər stend atıcıları qüvvələrini sınayacaq. Onları izləmək üçün isə 500 tamaşaçı tutumuna malik tribunalar quraşdırılıb.
Stend atıcılığı poliqonundan başqa Mərkəzin açıq ərazisində avtomobil dayanacağı və inzibati bina yerləşir. Binada idarəetmə, media, konfrans otaqları yerləşir. Media mərkəzində jurnalistlər üçün bütün şərait təşkil olunacaq. Qeydiyyatdan keçmiş KİV nümayəndələrinin sayına uyğun olaraq, media otağı lazımi avadanlıqlarla təchiz olunacaq. Burada otel fəaliyyət göstərsə də, Oyunlar zamanı heç kim bu xidmətdən yararlana bilməyəcək. Buna səbəb otel xidmətinin yarışdan sonra istifadəyə verilməsidir. Yarışlardan sonra həmin xidmətlərdən yararlanmaq olacaq.
Güllə atıcılığı üzrə yarışların keçiriləcəyi binada iştirakçılar 10 metr, 25 metr və 50 metr məsafədə yerləşən hədəfləri vurmağa çalışacaqlar. Burada yarış üçün hərəsi 350-dək tamaşaçı tutumuna malik 2 zal fəaliyyət göstərəcək. Tribunalarda VİP oturacaqlar və media nümayəndələrinin yarışları izləməsi üçün şərait yaradılacaq. Yarışların sonunda isə atış zalında 19 dəst medalın təqdim edilmə mərasimi keçiriləcək. Bundan başqa binada kiçik restoranlar, paltardəyişmə və istirahət otaqları fəaliyyət göstərəcək.
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında atıcılıq yarışlaır 16 - 22 iyunda keçiriləcək.