[ 17 Aprel 2015 15:56 ]



Bakı. Cavid Zeynallı – APA. Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş “İçərişəhər - Canlı Tarix. Tarazlı qorunma və inkişaf” mövzusunda konfrans keçirilib.

 

APA-nın xəbərinə görə, konfrans Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Memarlar İttifaqının birgə təşkilatçılığı ilə baş tutub. İdarənin rəisi Samir Nuriyev bildirib ki, UNESCO-nun Abidələrin və tarixi yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının (ICOMOS) 1983-cü ildə qəbul etdiyi qərarı əsasında hər il aprelin 18-i Beynəlxalq Abidələr və Tarixi Yerlər günü kimi qeyd olunur: “Bu günün qeyd olunmasının əsas məqsədi ictimaiyyətin diqqətini milli-mədəni irsimizin qorunması, bərpası və gələcək nəsillərə olduğu kimi çatdırılması məsələlərinə yönəltməkdir”.

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev  çıxışında bütün dünyada qeyd olunan tədbirin önəmini vurğulayıb: “Ölkəmizdə, o cümlədən İçərişəhərdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində son illərdə genişmiqyaslı işlər görülür. Bütün bunlar isə Azərbaycanın dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə inteqrasiyasını təmin edir”.

 

Daha sonra Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbəy Qasımzadə, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxış ediblər.

 

Tədbirin sonunda konfrans iştirakçıları “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin fəaliyyəti, Bəylər məscidinin konservasiya layihəsi və Miniatür Kitab Muzeyi ilə yerində tanış olublar.