Bakı, 17 aprel, AZƏRTAC
Norveçin “Statoil” şirkəti Şimal dənizində proqnozlaşdırılan ehtiyatı neft ekvivalentində 192 milyon barrellik “Valemon” qaz-kondensat yatağını istismara verib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Norveçin neft və energetika naziri Tord Liyenin də iştirak etdiyi mərasimdə məlumat verilib ki, “Valemon” yatağında 10 istismar quyusu olacaq. Həmçinin, “Valemon”un sahəsində yüksək təzyiqli temperatur anbarı da var.
Qeyd edək ki, əsası 1972-ci ildə qoyulan “Statoil” Norveçin ən böyük şirkəti, Skandinaviyanın isə ən böyük neft şirkətidir. Səhmlərinin 64 faizi dövlətin nəzarətində olan şirkətin mərkəzi ofisi Norveçin Stavanger şəhərində yerləşir. “Statoil” dünyada xam neftin və Avropada isə qazın əsas ixracatçılarından biridir.