Prezident İlham Əliyev “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamda deyilir ki, Ölkədə bu istiqamətdə bir sıra iri layihələr həyata keçirilib və müasir texnoloji avadanlıqla təchiz edilən infrastruktur yaradılıb. Həyata keçirilən tədbirlər suvarmada mütərəqqi texnologiyaların tətbiqini və güclü suvarma sistemlərinin daha da genişləndirilməsini, bu sahəyə sahibkarların marağının və investisiya qoyuluşunun artırılmasını zəruri edir.


Sərəncama əsasən, baş verən uzunmüddətli quraqlıqların mənfi təsirinin aradan qaldırılması, su təminatının yaxşılaşdırılması, habelə bu sahəyə sahibkarların marağının artırılması və investisiya qoyuluşunun stimullaşdırılması məqsədi ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən fiziki və hüquqi şəxslərə lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt müəyyən edilib.



Nazirlər Kabineti iki ay müddətində suvarma sistemləri dəstinə və avadanlığına tətbiq olunan güzəştin verilməsi qaydasını müəyyən etməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll edəcək.