Bakı. 16 aprel. REPORT.AZ/ Çanaqqala zəfərinin 100 illiyinə həsr edilən anım tədbirinə 80 dövlətin təmsilçisi qatılacaq.
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç növbəti həftəlik mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, aprelin 23-də İstanbulda Konqres Mərkəzində Barış Sammiti təşkil ediləcək. Bu tədbirə Türkiyənin baş naziri Əhməd Davudoğlu, Avstraliya və Yeni Zelandiyanın baş nazirləri, İraq prezidenti, Avropa Şurasının baş katibi Turbyörn Yaqland da qatılacaqlar. Zirvə toplantısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məruzə ilə çıxış edəcək.
T.Bilgiç deyib ki, apreli 24-də isə Çanaqqala tədbirinə 21 dövlət başçısı, 2 ölkənin parlament sədri, 3 dövlətin prezidentlərinin müavinləri, 5 baş nazir, 2 keçmiş prezident, 4 beynəlxaql təşkilatın baş katibləri, 8 nüfuzlu şəxs qatılacaqlar.
Avropa parlamentinin "erməni soyqıqımı" ilə bağlı qəbul etdiyi qətnaməyə münasibət bildirən sözçü deyib: "Avropa İttifaqı ilə Avroparlamentini biri-brindən ayırmaq lazımdır. Əsas məsələ Avropa İttifaqı qurumlarının bu məsələ haqda düşündükləri, atacaqları addımlardır".