[ 16 Aprel 2015 18:14 ]



Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda 197 723 şagird şəxsiyyət vəsiqəsi ilə təmin edilib.

 

APA-nın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyev məlumat verib.

 

Onun sözlərinə görə, bu ilin dekabr ayından yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqinə başlanılacağı nəzərə alınaraq, qarşıda duran məsələlərin operativ həlli məqsədilə DİN-in müvafiq əmrinə əsasən rəhbər vəzifəli əməkdaşlardan və mütəxəssislərdən ibarət Xüsusi Komissiya yaradılıb. Komissiya tərəfindən Azərbaycan Prezidentinin 2014-cü il 1 dekabr tarixli Sərəncamı rəhbər tutularaq həyata keçirilən tədbirlər çərçivəsində biometrik şəxsiyyət vəsiqələrinin çap olunacağı 9 regional mərkəzin infrastrukturu yenilənib, «Giriş-çıxış və qeydiyyat» İdarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin şəxsiyyət vəsiqələri üzrə alt sisteminin təkmilləşdirilməsi ilə bağlı texniki layihə hazırlanıb.

 

Baş İdarənin nəzarəti altında keçirilmiş tədbirlərlə səyyar qruplar tərəfindən etibarlılıq müddəti bitmiş 200 minədək şəxsiyyət vəsiqəsi dəyişdirilib, xarici ölkələrdə yaşayan vətəndaşların siyahıları dəqiqləşdirilib.

 

Respublikanın ümumtəhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdlərinin şəxsiyyət vəsiqələri ilə təmin edilməsi işinin sürətləndirilməsi üçün ötən il orta məktəblərdə məqsədli tədbirlər təşkil olunub, ölkə üzrə 197.723 şagird şəxsiyyət vəsiqəsi ilə təmin edilib.