İqtisadiyyat və sənaye naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii ilə görüşüb.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycan və İran arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın genişlənməsində dövlət başçılarının səfərlərinin xüsusi əhəmiyyətini vurğulayıb.

 

Bildirilib ki, Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyəsi iqtisadi münasibətlərin inkişafına böyük imkanlar yaradır. Hazırda iki ölkə arasında neft-qaz, energetika, sənaye, maliyyə-bank, turizm, ticarət, gömrük, meliorasiya sahələrində əməkdaşlıq uğurla davam edir, əczaçılıq, neft-kimya sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Dövlət Komissiyasının Tehranda keçiriləcək növbəti iclasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.

 

Ş. Mustafayev Ermənistan-Azərbaycan  münaqişəsi barədə danışaraq Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal edildiyini, soydaşlarımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını, tarixi abidələrin, məscid və ibadətgahların, qəbiristanlıqların dağıdıldığını diqqətə çatdırıb. Bir sıra İran şirkətlərinin işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyət göstərdiyini qeyd edən Ş. Mustafayev bildirib ki, İran hökuməti tərəfindən belə halların qarşısının alınması üçün tədbirlər görülməlidir.

 

Ə. Rəbii ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb, qarşılıqlı dostluq və etimada əsaslanan Azərbaycan-İran əlaqələrinin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb, əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edib.

 

Rəhbərlik etdiyi nazirliyin fəaliyyəti barədə məlumat verən Ə. Rəbii iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən peşə təhsili sahəsində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.