Bakı, 16 aprel, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bölgələrdə profilaktik tədbirlərə başlayıb. İri və xırdabuynuzlu mal-qara yoluxucu xəstəliklərə qarşı peyvənd olunur.
Xidmətdən AZƏRTAC-a bildiriblər ki, havaların isinməsi ilə bağlı Şirvan şəhərində mal-qara arasında yayıla biləcək yoluxucu xəstəliklərin qarşısının alınması üçün profilaktiki tədbirlər görülür. Şəhər baytarlıq nəzarəti xidməti iri və xırdabuynuzlu heyvanlar və quşların peyvəndlənməsinə başlayıb. Rayonda 2500 baş iribuynuzlu və 8 min baş xırdabuynuzlu heyvan peyvənd edilir. Şəhər baytarlıq nəzarəti xidməti dərmanlarla təmin olunub.
Sabirabad rayonunda da nodulyar dermatit virusunun, dabaq və digər yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması istiqamətində dezineksiya tədbirləri görülür. Sabirabad rayon baytarlıq nəzarəti xidmətinin rəisi Fikrət Rəsulovun sözlərinə görə, xidmətin əməkdaşları kəndlərdə mal-qara arasında vaksinasiya və dezinfeksiya işləri aparır.
Qeyd edək ki, ən böyük heyvandarlıq rayonlarından olan Sabirabadda 115 min iri və 205 mindən çox xırdabuynuzlu mal-qara saxlanılır.