Bakı, 16 aprel, AZƏRTAC
Nəqliyyat naziri Ziya Məmmədov İtaliyanın iqtisadi inkişaf naziri xanım Federika Quidinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Ziya Məmmədov son illər ərzində Azərbaycan iqtisadiyyatının inkişafından, o cümlədən Azərbaycanın nəqliyyat-yol kompleksindəki yeniliklərdən, görülən işlərdən və həmçinin həyata keçirilən iri regional layihələrdən danışıb.
Ölkə iqtisadiyyatının prioritet sahələrindən biri kimi dövlət səviyyəsində xüsusi diqqət yetirilən nəqliyyat sektoru barəsində ətraflı məlumat verən nazir bu istiqamətdə İtaliya ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində tərəflərin maraqlı olduğunu vurğulayıb.
Azərbaycanda nəqliyyat sektorunda əldə edilən uğurlardan, reallaşdırılan iri layihələrdən xəbərdar olduqlarını vurğulayan xanım F.Quidi iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib.
Görüşdə, nəqliyyat sahəsində qarşılıqlı əməkdaşlıq imkanları, perspektiv layihələr, həmçinin İtaliya şirkətlərinin Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən layihələrdə iştirak məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə, İtaliya Respublikasının ölkəmizdəki səfiri Ciampaolo Kutillo və Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov da iştirak edib.