Bakı, 16 aprel, AZƏRTAC
Faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının misilsiz xidmətlərinin gələcək nəsillərə çatdırılmasında veteranlarla görüşlərin keçirilməsi böyük əhəmiyyət daşıyır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Qələbənin 70 illik yubileyi münasibətilə “İnterfaks-Azərbaycan” informasiya agentliyində veteranlarla keçirilən görüşdə səsləndirilib.
Agentliyin direktoru Aleksandr İvanov İkinci Dünya müharibəsində qazanılan Qələbədə Azərbaycanın rolundan danışıb. O, müharibənin şahidləri ilə keçirilən belə görüşlərin tariximizin unudulmaması, gələcək nəsillərə çatdırılması baxımından vacibliyini xüsusi vurğulayıb.
Böyük Vətən müharibəsinin iştirakçısı, general-polkovnik Tofiq Ağahüseynov veteranların Azərbaycan dövlətinin yüksək diqqət və qayğısı ilə əhatə olunduğunu və bundan məmnunluqlarını bildirib. O, veteranların qəhrəmanlıqlarının xalqımız və dövlətimiz tərəfindən yüksək dəyərləndirildiyini vurğulayıb.
Respublika Veteranlar Şurasının sədri, istefada olan general-mayor Dadaş Rzayev tədbirdə çıxış edərək veteranlarımızın xidmətlərinin dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirildiyini söyləyib. O, bu qayğının əsasının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu xüsusi vurğulayıb. Bildirilib ki, faşizm üzərində Qələbənin 70 illiyi ərəfəsində veteranların yubileyləri silsilə tədbirlərlə qeyd olunur. Veteranlarımız ölkəmizin ictimai-siyasi həyatında, xüsusən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak edirlər.
Tədbirdə “Leninqrad Blokadasının İştirakçıları” İctimai Birliyinin sədri İrina Qədimova və digər çıxış edənlər də İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının döyüşlərdə, eləcə də arxa cəbhədə misilsiz xidmətlərindən danışıblar.