Bakı, 15 aprel, AZƏRTAC
Bakıda breykdans üzrə ən nüfuzlu beynəlxalq yarışın - “Red Bull BC One” çempionatının Azərbaycan milli finalı olub. Artıq dalbadal ikinci ildir ki, bu yarış Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilir. Bu məqsədlə teatrın salonu yenə də əsaslı şəkildə dəyişdirilib, kreslolar yığışdırılıb. Bu da salona iştirakçıların çıxışlarından əyani zövq almaq istəyən daha çox tamaşaçı toplamağa imkan verib. Teatrın klassik çıxışlara adət etmiş səhnəsi Azərbaycanın 16 ən yaxşı breykdansçısının ciddi yarış meydanına çevrilib.
AZƏRTAC xəbər verir ki, Ukraynanın “MC Scream” qrupunun və “Red Bull Thre3Style”nin üçqat qalibi DJ Twistin çıxışlarının coşdurduğu tamaşaçılar əsl bayram əhval-ruhiyyəsi yaşayıblar. Onlar hər bir iştirakçını həyəcanla qarşılayıb, xüsusilə mürəkkəb və baxımlı elemetlərin ifası zamanı bi-boyları gurultulu alqışlarla dəstəkləyiblər.
Yarışın finalı xüsusilə maraqlı olub. Finalda QUATTRO-J və ötənilki milli finalın qalibi STIMO qarşılaşıblar. Münsiflər heyəti üzvlərinin - “Red Bull BC One” üzrə hazırkı dünya çempionu niderlandlı bi-boy Mennonun, «Red Bull BC One All Stars»ın üzvü yaponiyalı bi-boy Taisukenin və tanınmış rus bi-boylarından biri Cheeritonun qərarı ilə STIMO dalbadal ikinci il qalib titulunu özündə saxlaya bilməyib.
«Red Bull BC One» mükafatını və Azərbaycanı «Red Bull BC One» çempionatının sentyabrın 5-də elə Bakıda keçiriləcək Şərqi Avropa finalında təmsil etmək hüququnu dinamik və enerjili QUATTRO-J qazanıb.
QUATTRO-J ona zəfər gətirən çıxışından sonra deyib: ”Final mənim üçün asan olmasa da, şadam ki, qələbə qazandım. Mənə inanan və məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”.


