Bakı, 15 aprel, Ülviyyə Məmmədli, AZƏRTAC
Martın 15-də Serbiyanın Baş naziri Aleksandr Vuçiçin rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, Mərkəzin fəaliyyəti ilə tanış olan qonaqlar əvvəlcə Heydər Əliyev Muzeyində olublar. Burada onlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə məlumat verilib.
Bildirilib ki, Mərkəzdə Ümummilli Liderin xatirəsinin əbədiləşdirildiyi Heydər Əliyev Muzeyi təşkil olunarkən onun həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunmasına xüsusi diqqət yetirilib. Muzey, həmçinin Azərbaycan tarixinin müxtəlif dövrlərinin öyrənilməsinə də böyük imkanlar yaradır. Bu baxımdan interaktiv formada təqdim edilən eksponatlar, müxtəlif video materiallar xüsusi əhəmiyyət kəsb edir.
Qonaqlara hazırda dünya memarlıq inciləri sırasında olan və Bakının müasir simvoluna çevrilən Heydər Əliyev Mərkəzinin binası, onun arxitektura özəllikləri barədə məlumat verilib.
Daha sonra Baş nazir Aleksandr Vuçiç Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.
Qonaqlar ümummilli lider Heydər Əliyevin xatirəsinə yaradılmış belə bir Mərkəzi ziyarət etməkdən şad olduqlarını bildiriblər.

