Ağcabədi, 15 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədilə Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan növbəti açıq dərsdə Ağcabədi şəhər 12 nömrəli, Laçın rayon Sadınlar və Mişni kənd tam orta məktəblərinin şagirdləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, şagirdlər əvvəlcə Ulu Öndərin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, önünə tər çiçəklər qoyub, Heydər Əliyev Mərkəzində dahi liderin keçdiyi şərəfli həyat yolunu, Azərbaycana rəhbərliyinin hər iki dövrünü, Ağcabədi rayonuna səfərlərini əks etdirən fotoşəkillərlə, böyük şəxsiyyət haqqında yazılmış kitablarla, qəzet, jurnal və rəsmi sənədlərlə tanış olublar.
“Heydər Əliyev və müasir Azərbaycanın sosial-iqtisadi inkişafı” mövzusunda keçirilən dərsdə şagirdlərə Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlər barədə ətraflı məlumat verilib. Şəhər 14 nömrəli tam orta məktəbin tarix müəllimi Sevil Hacıyevanın məruzəsində ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də həyata keçirilən genişmiqyaslı islahatlardan, Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlara üzv olmasından, irimiqyaslı regional layihələrin iştirakından bəhs edilib. Bildirilib ki, bu gün Heydər Əliyev siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadiyyatı, o cümlədən regionların və sahibkarlığın inkişafı davamlı xarakter alıb.
Mayın sonunadək davam edəcək açıq dərslərdə rayonun 62 ümumtəhsil məktəbinin XI siniflərinin şagirdləri, həmçinin rayon ərazisində fəaliyyət göstərən Laçın və Xocavənd rayonlarının köçkün məktəblərinin şagirdləri iştirak edəcəklər.