Bakı, 15 aprel, AZƏRTAC
ABŞ-da polislərin qaradərili vətəndaşları güllələməsi ilə bağlı yeni faktlardan qəzəblənən amerikalılar “Polislərə öldürməyi qadağan edin”, “Polis qətllərini durdurdurun” şüarları ilə Nyu-York küçələrinə axışıblar.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, etirazlar sosial şəbəkələr vasitəsi ilə təşkil olunub. Nümayişçilərin fikrincə, Afrika əsilli amerikalılara qarşı polis özbaşınalığı o qədər ciddiləşıb ki, artıq bu işə Prezidentin müdaxilə etməsinin vaxtı yetişib.
Etiraz aksiyaları Union Square və meriyanın qarşısında da keçirilib. Bruklin körpüsündə plakatlar qaldıran bir neçə nəfərin avtomobil hərəkətini durdurmasından sonra polis hadisəyə müdaxilə etmək məcburiyyətində qalıb.
Qeyd edək ki, etiraz aksiyalarına yeni səbəb Cənubi Karolina ştatının Şimali Çarlston şəhərində ağ dərili polisin qaradərili vətəndaşı öldürməsi olub. Hadisədə şübhəli bilinən Maykl Sleycer əvvəlcə avtomobilini yoxlamaq üçün saxladığı qaradərili kişinin ona hücum edərək elektroşokeri ələ keçirdiyini iddia edirdi. Daha sonra The New York Times qəzeti qaradərili şəxsin qətli zamanı onun silahsız olduğunu və polisin ona arxadan atəş açdığını sübut edən video yayımlayıb. Bundan sonra hökumət qanun keşikçisini xidmətdən azad edib və ona rəsmi olaraq ittiham irəli sürüb.
Silahsız qaradərili Uolter Skotta arxadan 8 dəfə atəş açan polis indi ömürlük həbs cəzasına məhkum edilə bilər.