Bakı, 14 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Eroziya və Suvarma İnstitutunda “Heydər Əliyev və Azərbaycan elmi”, “Heydər Əliyev və Azərbaycan siyasəti” mövzularında seminarların keçirilməsi planlaşdırılır.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, bu barədə Gənc Alim və Mütəxəssislər Şurasının elmi seminarında bildirilib. Seminarda şuranın əsas fəaliyyət planı müzakirə edildikdən sonra təsdiqlənib.
İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, aqrar elmlər üzrə fəlsəfə doktoru İzzət Talıbov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məlumat verib. Şuranın sədri vurğulayıb ki, gənclərimiz qrant layihələri təklif edə bilərlər. Verilən layihə qəbul olunarsa, onun həyata keçirilməsinə kömək göstəriləcək.
Daha sonra doktorantlar dissertasiya işləri barədə məlumat veriblər. Doktorant Günay Məmmədova “Abşeronun eroziyaya uğramış suvarılan boz-qonur torpaqlarında pomidor məhsuldarlığında gübrə rejiminin optimallaşdırılması” mövzusunda dissertasiya işində müşahidə etdiyi halları və əldə etdiyi nəticələri seminar iştirakçılarının diqqətinə çatdırıb.
Digər doktorant Lətifə Şahmarova “Eroziya prosesinin torpağın istilik-fiziki xassələrinə təsiri və təsirinin modelləşdirilməsi” mövzusunda dissertasiya işində indiyədək əldə etdiyi nəticələr barədə məlumat verib.
Müzakirələrdən sonra hər iki dissertasiya işi seminar iştirakşıları tərəfindən bəyənilib.