Bakı, 14 aprel, AZƏRTAC
“Maliyyə savadlılığı” layihəsi çərçivəsində ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Bu günün qənaəti sabahın təminatıdır” müsabiqəsinin əhatəliliyinin artırılması məqsədilə hazırlanmış filmlərin təqdimatının vaxtı aprelin 30-dək uzadılıb. Müsabiqə “Şagirdin məqsədli qənaəti” nominasiyası üzrə www.musabiqe.edu.az saytı vasitəsilə keçirilir.
Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, müsabiqədə I, II və III yerləri tutan şagirdlərə netbuk, planşet, e-book reader təqdim ediləcək. Müsabiqədə fərqlənənlər tədbirin təşkilatçıları və sponsorları tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.
Qeyd edək ki, martın 18-dən start verilən müsabiqə Azərbaycan Mərkəzi Bankı və Təhsil Nazirliyinin birgə təşəbbüsü, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu və FINCA Azərbaycan-ın dəstəyi ilə keçirilir. Məqsəd şagirdlərin pul yığımı və qənaətcilliklə bağlı şəxsi təcrübələrini əks etdirən qısametrajlı filmlərin hazırlanması, bu yolla maliyyə savadlılığının artırılması istiqamətində şagirdlər arasında maarifləndirmə işlərinin aparılmasıdır.