Bakı, 14 aprel, Elvira Məmmədova, AZƏRTAC
Aprelin 14-də Azərbaycan Dillər Universitetində (ADU) bu ali təhsil ocağının tələbə elmi cəmiyyətinin illik konfransı işə başlayıb. Tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilib.
AZƏRTAC xəbər verir ki, ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov konfransın əhəmiyyətindən danışıb, onun işinə uğurlar arzulayıb.
Plenar iclasda tələbələrin “Xarici dilin tədrisində rəqəmsal sinfin əhəmiyyəti”, “Azərbaycanın xarici siyasətində gənclərin rolu”, “Təqdimatın qiymətləndirilməsi meyarı” və “Pedaqoji proses və şəxsi əmək – şəxsiyyəti formalaşdıran amil kimi” mövzularında məruzələri dinlənilib.
Sonra konfransın gedişatı və strukturu barədə məlumat verilib. Bildirilib ki, 24 bölmədə keçirilən iclaslarda tələbələrin 800-dən çox elmi məruzəsi dinləniləcək, müzakirələr aparılacaq.
Konfrans işini aprelin 16-da başa çatdıracaq.