Bakı, 14 aprel, AZƏRTAC 
Monitorinqlər Bakı və regionların mağazalarında saxlama müddəti ötmüş ərzaq mallarının satıldığını aşkar edib.
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq aparılıb.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, monitorinq zamanı Bakının Sabunçu, Nərimanov rayonlarında, Bərdə, Şabran, Şamaxı, Astara, Şəki, Balakən şəhərlərində mağazalarda saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq mallarının satıldığı aşkar edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati cərimələr tətbiq olunacaq.