Bakı, 13 aprel, AZƏRTAC
Təhsil Nazirliyinin “SABAH” qruplarında təhsil alan könüllülər üçün həvəskar videoçarx müsabiqəsinə start verilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, “SABAH LIVE” adlanan müsabiqə həvəskar videoçarxlar vasitəsilə “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində “SABAH-ın könüllüsü”nün fəaliyyətinin və könüllülərin yaradıcılığının nümayiş etdirilməsi məqsədilə təşkil olunur.
“SABAH” qruplarının “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi vasitəsilə reallaşdırılacaq müsabiqənin qalibi ikimərhələli seçimlərlə müəyyənləşdiriləcək. Birinci mərhələdə könüllülər tərəfindən hazırlanan, “SABAH-ın könüllüsü”nün “Bakı-2015” ilk Avropa Oyunlarına dəstəyini ifadə edən videoçarxlar rəsmi səhifədə yerləşdiriləcək. Münsiflər heyəti ən çox bəyənilən və izlənilən videoçarxlar arasından qalibi müəyyənləşdirəcək.
Müsabiqədə “SABAH” qruplarının fəaliyyət göstərdiyi yeddi ali təhsil müəssisəsinin tələbəsi olan və “SABAH-ın könüllüsü” proqramında qeydiyyatdan keçən bütün könüllülər iştirak edə bilərlər. Müsabiqənin qalibləri “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasiminə bilet əldə edəcək və qiymətli hədiyyə ilə mükafatlandırılacaqlar.
Müsabiqəyə qoşulmaq üçün aprelin 22-dək mövzuya uyğun hazırlanmış videoçarxı onlayn köçürmə və ya yükləmə platformaları vasitəsilə konullu.sabah@edu.gov.az elektron ünvanına “Sabah Live” başlığı altında müəllifin adı, soyadı, təhsil aldığı müəssisə, ixtisası və qrupu qeyd olunmaqla göndərmək lazımdır. Videoçarxlar, həmçinin elektron informasiya daşıyıcılarında (flaşkart, disk və ya harddiskə yazılmış halda) Gənclər Evinə (Ünvan: Bakı şəhəri, Süleyman Rüstəm küç. 15 H) təqdim oluna bilər.
Müsabiqə və onun şərtləri haqqında ətraflı məlumatı “SABAH” qruplarının rəsmi Facebook səhifəsindən (www.facebook.com/sabah.edu.gov.az), həmçinin konullu.sabah@edu.gov.az elektron poçt ünvanı ilə əlaqə saxlamaqla əldə etmək mümkündür.