“Azərbaycanda keçiriləcək Bakı 2015 I Avropa Oyunlarının ölkəmiz üçün böyük bir anlamı var. Ancaq təəssüflər olsun ki, bəzi “hüquq müdafiə təşkilatları” Azərbaycanın bu uğuruna qısqanclıqla yanaşırlar”. Milli.Az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiz Alıyev deyib.

Onun sözlərinə görə, Azərbaycanın 1 milyon qaçqınını hüquqlarını müdafiə etməyən bəzi beynəlxalq hüquq müdafiə təşkilatlarının ölkəmizin uğurlarına qısqanclıqla yanaşması onların ikili standartlardan çıxış etməsi ilə əlaqədardır:

“Həmin təşkilatları hüquq müdafiə təşkilatları adlandırmaq da düzgün deyil. Çünki onlar heç bir hüquqi əsasa sığmayan bəyanatlar verərək, ölkəmizə qarşı qara piar kampaniyası həyata keçirirlər. Ümumiyyətlə, hər hansısa böyük idman tədbirinin keçiriləcəyi ölkəni müəyyənləşdirərkən həmin ölkədə bir çox nüanslar diqqətə alınır. Tədbirin keçirilməsi üçün həmin ölkədə ictimai asayişin qorunması, hüquq-mühafizə orqanlarının yüksək peşəkarlıq qabiliyyəti, təhlükəsizlik orqanlarının fəaliyyəti və digər məsələlər diqqətə alınır. Azərbaycan da bundan öncə də bir çox iri tədbirlərə ev sahibliyi edib və dünyada idman ölkəsi kimi tanınıb. Yəni ölkəmizin Avropa Oyunları kimi böyük bir tədbirə ev sahibliyi etməsi heç də təsadüfi deyil. Bu tədbirin keçirilməsi üçün ideal şəraitə malik olan Azərbaycana bəzi beynəlxalq təşkilatların qısqanclıqla yanaşması məhz ölkəmizin əldə etdiyi uğurlarla əlaqədardır. Bu təşkilatların arxasında erməni lobbisi və Azərbaycanı sevməyən qüvvələr dayanıb. Ancaq düşünürəm ki, bu tipli qara piar kampaniyaları davamlı olaraq həyata keçirilsə belə, ölkəmiz bu tədbirə adınalayiq şəkildə ev sahibliyi edəcək və uğur qazancaq”.

Milli.Az