Bakı 13 aprel, AZƏRTAC 
Bakı Dövlət Universitetində (BDU) Yaponiya mədəniyyət festivalı keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, festivalın məqsədi Yaponiya və onun mədəniyyəti ilə maraqlananları bir araya toplamaq, bu ölkənin adət-ənənələri, mətbəxi, mədəniyyəti barədə daha da ətraflı məlumat çatdırmaq idi.
Tədbirdə “UniPock`s” və “Atarashi Hoshi” yapon qruplarının, Bakıdakı 225 nömrəli məktəbin şagirdlərinin ifasında mahnılar səsləndirilib, yapon nağılları əsasında hazırlanmış tamaşa göstərilib.
Festivalın ikinci hissəsində yapon yeməkləri, çay mərasimi, suşi, eləcə də kimono və yukata kimi milli yapon geyimləri, ənənəvi yapon incəsənətini təmsil edən oriqami və ikebana təqdim olunub. İkebana və oriqami üçün ayrılan xüsusi otaqlarda bu sənət nümunələrinin sərgisi keçirilib. Qonaqlar, həmçinin bu ölkənin çay mərasimi ilə tanış olub, yapon mətbəxinin təamlarından dadıblar.
Festivalda Yaponiyanın paytaxtı Tokioda çox məşhur olan “Cosplay mədəniyyəti” də təqdim olunub.
Tədbirdə Yaponiyanın ölkəmizdəki səfirliyinin əməkdaşları, Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin nümayəndələri iştirak ediblər.