"Avropa təşkilatı Avropa Siyasəti Araşdırmaları Mərkəzi Avropa Oyunları fonunda Avropa Birliyi və Azərbaycan münasibətləri barədə qərəzli yazı dərc edib. Bundan öncə Avropa Olimpiya Komitəsi öz açıqlamalarında Bakıda görülən işləri yüksək qiymətləndirmişdi".

Milli.Az xəbər verir ki, bunu SİA-ya "İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

Birlik sədrinin sözlərinə görə, bütün bu açıqlamalara və əldə olunan nailiyyətlərə baxmayaraq, Azərbaycana qarşı istər yerli qruplar, istərsə də xarici dairələr Avropa Oyunlarını bəhanə edərək ölkəmizə qarşı bu cür neqativ fikirlər səsləndirirlər:

"Azərbaycana qarşı, Azərbaycanın sosial, siyasi, iqtisadi sahələrdə əldə etdiyi uğurları hər zaman gözdən salmağa çalışanlar olub. Kimlərinsə Avropa Oyunlarını boykot etməyə çağırışı artıq olduqca mənasız bir prosesdir. Biz istədiyimiz uğurlara hər zaman çatmışıq. Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan dövlətinin növbəti böyük uğurudur. Düşünürəm ki, Avropa oyunlarına görə Azərbaycana qarşı bu cür qərəzli yanaşma qısqanclıqdır. Çünki biz bilirik ki, Azərbaycanı sevməyən, Azərbaycanın inkişafına mane olmağa cəhd edən dövlətlər var. Bu dövlətlərin bizə qarşı münasibəti hər zaman göz qabağında olub. Əslində belə halların olması çox normaldır. Çünki Azərbaycan qısa bir zaman kəsiyində dünyanın diqqətini çəkə biləcək bir çox möhtəşəm layihələrə imza atdı.

Nəzərə almaq lazımdır ki, nə qədər acınacaqlı səslənsə də, Azərbaycan daxilində antiazərbaycan qüvvələr də mövcuddur. Azərbaycana qarşı dərc olunan yazıda “Azərbaycan hökuməti siyasi məhbusları azadlığa buraxmasa, yüksək rütbəli rəsmilər bu turnirdə iştirakdan çəkinməlidir” deyə başlıq yer alır. Burada sual yaranır: Siyasi məhbuslar adlandırılan adamların statusuna uyğun gələcək insanlar Avropa ölkələrində belə mövcuddur. Avropa Siyasəti Araşdırmaları Mərkəzinin yarışlarda iştirak edəcək yüksək rütbəli şəxslərlə xüsusi bağlılığı haradan qaynaqlanır?! Niyə yüksək rütbəli şəxslər qarşılığında bu kimi haqqı çatmayan şəxslər Azərbaycanda kimlərinsə azadlığı haqqında düşünməyə başlayır. Heç təsadüfi deyil bu kimi təşkilatların xarici qüvvələrin maraqlarına xidmət edən azərbaycanlılarla əməkdaşlığı. Bu mərkəz indiyədək beynəlxalq oyunlarla məhbuslar arasında araşdırma aparmağa cəhd edibdirmi, çox maraqlıdır?! Bağlılıq təşkil edəcək vəhdəti mən tuta bilmirəm, yoxsa həqiqətən qərəzlidir?! Qərəzli mövqe və yenə Azərbaycan adına yaxılmasına istənilən ləkələr. Amma bu adamlar üçün xüsusi bir fərq yaratmayacağıq. Çox yaxşı xatırlayırıq, bir zamanlar “Think thank” layihəsi üçün Azərbaycandan burada yer almağa can atan şəxsləri. Bizlər bir şərti mütləq anlamalıyıq ki, şəxsindən və tutduğu mövqedən asılı olmayaraq, Azərbaycan qanunvericiliyinə qarşı çıxan istənilən şəxs ciddi şəkildə məsuliyyət daşıyır. Əgər biz ittiham olunan kimi söz azadlığına riayət etməsəydik, bu gün Azərbaycanda azad mətbuat rejimindən istifadə edib ölkə daxilində neqativ xəbərlər yayaraq, hökuməti bəzi hallarda günahlandıran kütləvi informasiya vasitələrimiz mövcud olmazdı. Lakin biz bütün bunların hamısını görür və proseslərin tam ortasında söz azadlığını “qoruyanlara” yaxından nəzarət edirik".

M.Seyidov əlavə edib ki, Avropa Oyunlarının Bakıda baş tutması Azərbaycanın dünyaya çıxması, onun daha çox tanınması deməkdir və bizim buna sevinmək, dəstək olmaq əvəzinə qara piar aparmamız heç bir məntiqə sığmır: "Vətəndaş olaraq hər birimizin borcudur ki, ölkəmizə qarşı qərəzli qarayaxma kampaniya aparan istənilən qüvvələrə qarşı etirazımızı bildirək. Bu gün bu möhtəşəm layihəyə Azərbaycanın rəhbərlik etməsi çox sevindirici və tarixi bir haldır. Bizə qarşı açıq şəkildə təxribat törətmək xəyallarına qapılan şəxslər Avropa Oyunlarından sonra növbəti mərhələni səbirsizliklə gözləyəcəklər. Mən əminəm ki, bütün cəhdlərə baxmayaraq, Azərbaycan cənab Prezidentin siyasi iradəsi nəticəsində hələ bir çox ilk dəfə keçiriləcək oyunların uğurlu ev sahibi olacaq".

Milli.Az