Şəmkir, 13 aprel, AZƏRTAC
Şəmkirdə “Kənd təsərrüfatı ili” çərçivəsində başlanan bir sıra layihələrin icrası uğurla davam etdirilir. Bu layihələrdən biri də Sabirkənd kəndi ərazisində soyuducu anbarın, bir sıra emal müəssisələrinin, eləcə də Şəmkir markası ilə istehsal olunacaq məhsulların satış bazalarının yaradılmasıdır.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev AZƏRTAC-a deyib ki, xeyli vaxtdır rayonda bələdiyyə institutlarının yaradılmasına başlanılıb. Bunun da əsas məqsədi məhsul istehsalı və onun satılmasında yaranan problemlərin həllinə kömək göstərməkdən ibarətdir. Sabirkənd bələdiyyəsindən start verilən layihə artıq özünü doğrultmaqdadır. Belə ki, layıhə çərçivəsində ərazidə yeni emal müəssisələri ilə yanaşı, satış bazaları və soyuducu anbar kompleksi inşa edilir. Həyata keçirilən bu tədbirlər söz yox ki, yaxın vaxtlarda rayonda aqrar sahənin inkişafı ilə yanaşı, işsizlik probleminin həllinə də müsbət təsir göstərəcək. Soyuducu anbarda və emal müəssisələrində ən azı 200 nəfər daimi işlə təmin olunacaq.