Yaponiyanın Tiba Şəhər Dairə Məhkəməsi Google şirkətinin Maps kartoqrafiya xidmətində yerli tibb klinikasının ünvanına yazılan iki anonim şərhin silinməsi barədə qərar çıxarıb.
Maps xidməti istifadəçilərə şirkət və müəssisələrin fəaliyyəti ilə bağlı rəylər yazmağa imkan verir. Anonim şərh müəllifləri tərəfindən işi tənqid edilən həkim məhkəmə dinləmələrində ünvanına səsləndirilən ittihamları rədd edib. Məhkəmə iddiaçının xeyrinə qərar çıxararaq rəyləri böhtan adlandırıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, internet nəhəngi Yaponiya məhkəməsinin qərarına cavab vermək üçün bütün mümkün variantları nəzərdən keçirir. Onun sözlərinə görə, şirkət şərhlərdə istifadəçilərin tənqidlərinə cavab vermək imkanı olsa da, Google yalnız servisin qaydalarına ziddiyyət təşkil edən rəyləri silə bilər. Bu halda isə istifadəçilər tərəfindən qaydalar pozulmayıb.
Google məhkəmənin qərarını yerinə yetirməsə, 300 min yen (2500 dollar) məbləğində cərimə olunacaq.
Məlumat üçün bildirək ki, Google ABŞ internet şirkəti olmaqla bütün axtarış sistemləri arasında liderdir. 1998-ci ildə Larri Peyc və Sergey Brin tərəfindən yaradılan şirkət 2004-cü ildə 1,9 milyard dollar dəyərində səhmlərin ilk yerləşdirilməsini həyata keçirib. Hazırda Google dünya axtarış sorğuları bazarının 80 faizindən çoxuna sahibdir. Şirkətin əsas gəlir mənbəyini sistemin səhifələrində axtarışın nəticələri ilə bənd edilən onlayn reklam təşkil edir.
Google axtarış sistemi ilə yanaşı, dünyanın ən populyar YouTube videohostinqinin sahibidir, Gmail poçt servisi və Google+ sosial şəbəkəsinin idarəedicisidir, habelə mobil qurğular üçün Android əməliyyat sisteminin tərtibatçısıdır.
Milli.Az