Berlin, 11 aprel, AZƏRTAC
Almaniyada çıxan “Die Welt” qəzetində Dorotea Simsin “Deyəsən, Tsipras avrozonadan çıxmaq istəyir” sərlövhəli şərhi dərc edilib. Müəllif göstərir ki, əgər rəy sorğularına inansaq, yunanların əksəriyyəti avrozonada qalmağın tərəfdarıdır. D.Sims yazır: “Lakin Aleksis Tsiprasın ifrat solçu və ifrat sağçı partiyalardan ibarət hökuməti Avropa İttifaqı tərəfindən heç bir şərt irəli sürülmədən ondan yardım almaq istəyir. Bu, istisna olunur. Bəlkə Tsipras məhz avrozonadan çıxmaq, bunun təqsirini isə tərəfdaşların üstünə yıxmaq üçün Avropa İttifaqına qarşı təhrikçilik edir?”. Müəllif elə oradaca əlavə edir: “Aleksis Tsipras Moskva səfərindən evə əliboş gələcək. Müştərək planda dumanlı şəkildə böhran vəziyyətində olan ölkənin energetika sektorunda və infrastrukturun inkişafın sahəsində daha sıx əməkdaşlıq nəzərdə tutulur. Tsipras Moskvada ümumiyyətlə pul istəməyib, xüsusən ona görə ki, hazırda Rusiya özü çox böyük iqtisadi problemlərlə mübarizə aparır. Lakin səfərin nəticələrinin cüzi olmasına baxmayaraq, Moskvada Tsiprasın əhvalı yaxşı idi. Simvolik mənada desək, məsələ yalnız bir-birini tərifləməkdən ibarət olub. Afina növbəti dəfə Brüsselin burnunu ovmağa nail olub.
Dorotea Sims “Die Welt” qəzetindəki məqaləsində bu cür mühakimə yürüdür: “Yunanıstan-Rusiya münasibətlərində yeni bahar” haqqında və Yunanıstanın suveren ölkə kimi müstəqil xarici siyasət yürüdə bilməsi barədə təmtəraqlı sözlər təhrikçilikdən başqa bir şey deyil. Bu “sancaq batırma siyasəti” Avropa İttifaqının digər üzvlərini çoxdan qıcıqlandırır. Solçu və sağçı radikallardan ibarət hökumət iki aydan artıqdır ki, hakimiyyətdədir, lakin islahatlar aparmağa hazır olduğunu göstərmir. Beynəlxalq kreditorlar təşviş içindədir. Almaniyadan reparasiyalar barədə absurd dərəcədə şişirdilmiş tələbləri həyasızlıq hesab edən təkcə Berlin deyil. Afina iflasa uğrama həddindədir, hökumət isə özünü qab-qacaq dükanına düşmüş fil kimi aparır”.

Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin