Tərtər, 11 aprel, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, hüquq-mühafizə, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərləri, ərazi icra nümayəndələrinin iştirakı ilə növbəti görüş təmas xəttinə yaxın məsafədə yerləşən Dəmirçilər kəndində keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.
Kənd sakinləri kənddə əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdərdən söz açıblar. 13 kilometr uzunluğu olan 5 yaşayış məntəqəsini birləşdirən Cəmilli-Dəmirçilər avtomobil yoluna asfalt örtüyünün salınmasını, kənddə 2,5 kilometr məsafədə müasir gecə işıqlandırma sistemlərinin quraşdırılmasını, Elektron Avtomat Telefon Stansiyasının tikilərək kəndin telefonlaşdırılmasını, sakinlərin içməli və suvarma suyuna olan təlabatının ödənilməsi üçün yeni subartezian quyularının qazılıb istifadəyə verilməsini, əhalinin fasiləsiz olaraq elektirik enerjisi ilə təmin olunmasını dövlətimizin cəbhə kəndinə göstərdiyi diqqətin bariz sübutu kimi qiymətləndiriblər. Eyni zamanda qeyd edilib ki, kəndin qazlaşdırılmasına, əkin sahələrinin suvarılması üçün əlavə subartezian quyularının qazılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin yenisi ilə əvəz edilməsinə, Dəmirçilər kənd tam orta məktəbinin və mədəniyyət evinin əsaslı təmir olunmasına, körpələr-evi uşaq bağçası üçün yeni binanın tikilməsinə ehtiyac var.
Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapıb, digər məsələlərin həl edilməsi üçün aidiyyəti qrumların rəhbərlərinə tapşırıqlar verilib.
Tədbirdə iştirak edən Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov sakinlər tərəfindən qaldırılan məsələləri diqqətlə dinləyib, onların həlli istiqamətində təkliflər hazırlanaraq aidiyyəti qurumların qarşısında məsələ qaldırılacağını və lazımi kömək göstəriləcəyini bildirib.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, yerlərdə mütəmadi olaraq keçirilən belə görüşlərdən razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
