Tbilisi, 11 aprel, AZƏRTAC
Gəncədə fəaliyyət göstərən Azərbaycan Gənclərinin “Odlar Yurdu” İctimai Birliyinin nümayəndələri Tbilisidə səfərdədirlər. Onlar aprelin 11-də Tbilisidə M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində Gürcüstandakı Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) gənclər şöbəsinin üzvləri ilə görüşüblər.
Görüş iştirakçıları əvvəlcə Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət ediblər.
Sonra tədbir Mədəniyyət Mərkəzində davam etdirilib.
AMM-in gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva deyib ki, görüşün məqsədi gələcəkdə Azərbaycan və Gürcüstan gəncləri arasında dostluq, əməkdaşlıq münasibətlərini genişləndirmək, birgə layihələr hazırlamaq və həyata keçirməkdir. Birgə layihələr həyata keçirməklə azərbaycanlı və gürcü gənclərin dostluğunun inkişafına nail olacağıq. Bu əməkdaşlıq iki ölkənin gəncləri arasında körpü rolunu oynayacaq.
“Odlar Yurdu” İctimai Birliyinin sədri Nigar Ələsgərova Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti barədə gürcüstanlı həmyaşıdlarına məlumat verib. Dünyada gənclərə ən çox dəstək göstərən ölkənin məhz Azərbaycan olduğunu qeyd edib. Azərbaycan gəncliyinin harada yaşamasından asılı olmayaraq, əldə etdiyi uğurlardan danışan N.Ələsgərova Gürcüstan gəncliyinin də böyük potensialı olduğunu bildirib. O deyib ki, məqsədimiz Gürcüstan gəncliyinin inkişafı istiqamətində layihələr həyata keçirməklə yanaşı, Azərbaycan mədəniyyətini, tarixini, uğurlarını Gürcüstanda təbliğ etməkdir.
Görüşdə tələbə-gənclərin inteqrasiyası, onların sosial problemlərinin həlli istiqamətində müəyyən addımların atılması, gənclərin maarifləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda iki təşkilat arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi