Bakı, 11 aprel, AZƏRTAC
Görkəmli rus şair və yazıçı, dramaturq Mixail Lermontovun anadan olmasının 200 illik yubileyi bütün dünyada, o cümlədən Azərbaycanda qeyd edilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, paytaxtdakı 5 nömrəli tam orta məktəbdə görkəmli ədibin yaradıcılığına həsr olunan “Tənha yelkən” adlı musiqili gecə keçirilib.
Əvvəlcə iştirakçılar tanınmış şairin 200 illik yubileyi ilə bağlı şagirdlərin rəsm əsərlərindən ibarət “Şairin bədii surəti uşaqların gözü ilə” mövzusunda sərgi ilə tanış olublar.
Tədbirdə məktəbin direktoru Nərminə Gündüzlü M.Lermontovun yaradıcılığının dünya mədəniyyətinə böyük töhfələr verdiyini söyləyib. Bildirilib ki, onun poeziyası həm parlaq vətəndaşlıq mövqeyi, həm dərin fəlsəfə, həm də incə məhəbbət lirikasıdır.
Mərasimdə şagirdlər şairin Qafqazda sürgündə olarkən bu yerlərin dağ, meşə və çaylarına, eləcə də sakinlərinə həsr etdiyi şeirlərindən parçalar söyləyiblər.
Gecədə, həmçinin M.Lermontovun şeirlərinə yazılmış mahnılar ifa olunub, ona həsr edilən filmlərdən fraqmentlər göstərilib.

