Bakı, 11 aprel, AZƏRTAC
ABŞ Misirə 57 milyon dollarlıq “Hellfire” raketi satacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı ABŞ-ın Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi yayıb. Məlumatda bildirilir ki, ABŞ Xarici İşlər Nazirliyi Misirə AGM-114K/R3 “Hellfire II” raketləri ilə yanaşı, mərmilər, avadanlıq, təhsil və logistik dəstəyi özündə ehtiva edən 57 milyon dollarlıq hərbi təchizat satışına razılıq verib. Şərhdə bu barədə Konqresin məlumatlandırıldığı qeyd edilir.
Xarici işlər nazirliyinin nümayəndəsi Gef Ratke bu addımın Misirin əsasən Sina yarımadasında terrorla mübarizə səylərinə dəstək məqsədi daşıdığını bildirib. Qeyd edilib ki, bununla əlaqədar Konqresdən 30 gün ərzində etiraz məktubu gəlmədiyi təqdirdə satış avtomatik reallaşdırılacaq.