Bakı, 11 aprel, AZƏRTAC
Kənd təsərrüfatının inkişafı üçün çox ciddi tədbirlər görülür, islahatlar aparılır. Torpaqların elektron uçotu, qeydiyyatı indiki mərhələ üçün çox önəmli məsələdir. Biz buna nail ola bilsək, onda həm şəffaflıq olar, həm də biz dəqiq biləcəyik ki, nəyimiz var. Çünki bəzi hallarda tərtib olunan xəritələr həqiqətlə uzlaşmır. İndi bu məsələ aydınlaşdırılır, təftiş edilir. Verilən pay torpaqları, ayrılan sahələr bunlar həqiqəti əks etdirmir. Peykdən əldə edilən görüntülər xəritədə göstərilən görüntülərlə üst-üstə düşmür. Bu, çox ciddi məsələdir. Vaxtilə bu sahədə böyük səhvlər buraxılmışdır. Ona görə biz indi hər şeyi yenidən tənzimləməliyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində söyləyib.
Dövlətimizin başçısı deyib: “Elektron uçot ona görə lazımdır ki, sahibkarlar hansı torpağın sahibi olduqlarını bilsinlər. Eyni zamanda, dövlət də bilməlidir ki, kimin hansı torpağı var, o torpaqlarda nə yetişdirilir və ya yetişdirilmir. Bəzi hallarda torpaqlar götürülür, ondan sonra təyinatı dəyişdirilir. Yaxud da ki, hasarlanır, sadəcə olaraq mülkiyyət kimi saxlanılır. Buna yol vermək olmaz. Burada vəziyyəti tam şəffaflaşdırmaq üçün torpaqların elektron uçotu məsələsi öz həllini tapmalıdır. Bu, sadəcə olaraq statistika deyil. Bu, məhsuldarlıqdır, bu, aqrar siyasətimizdir. Həmçinin biz tövsiyə də edə bilərik, əlavə güzəştlər də verə bilərik ki, sən bu torpaqda bu məhsulu yetişdirirsən, gəl bu məhsulu yetişdir. Dövlət sənə daha da çox subsidiya verəcək, kömək edəcək. Çünki dövlətə, ölkəyə bu lazımdır. Ona görə bu, çox ciddi məsələdir”.
“Mən bilirəm, indi Kənd Təsərrüfatı Nazirliyi bu işlərlə çox ciddi məşğuldur. Gərək bütün aidiyyəti qurumlar da buna qoşulsunlar ki, biz torpaqların elektron uçotunu tərtib edək. Burada uyğunsuzluq aradan götürülməlidir”, – deyə İlham Əliyev vurğulayıb.